Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Arıqladıqdan sonra niyə çəki artımı baş verir?

28.11.2026 22:42 15
Arıqladıqdan sonra niyə çəki artımı baş verir?
Arıqlamaq və əldə olunan nəticəni qorumaq düşündüyümüzdən daha çətin ola bilər. Pəhriz, bariatrik əməliyyatlar, arıqlama dərmanları və iynələr artıq çəkidən xilas olmaq üçün müxtəlif imkanlar yaratsa da, müalicə üsulu hər kəs üçün fərdi seçilməlidir.

Median.Az
xəbər verir ki, "Eli Lilly" şirkətinin kardiometabolik sağlamlıq üzrə baş vitse-prezidenti Reyçel Batterhem bu barədə “HealthDay” nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, piylənməni iradə zəifliyi ilə əlaqələndirmək düzgün deyil. İnsan orqanizmi tarixən qida qıtlığı şəraitinə uyğunlaşıb. Bu səbəbdən bədən qida axtarmağa və əldə etdiyi qidanı istehlak etməyə meyillidir. Müasir dövrdə isə yüksək kalorili və cəlbedici qidaların əlçatan olması çəki artımına səbəb ola bilər.

Batterhem bildirib ki, pəhriz zamanı qida qəbulunun azalması orqanizm tərəfindən aclıq təhlükəsi kimi qəbul edilir. Nəticədə bədən çəki itirməyə qarşı bioloji mexanizmləri işə salır.

“İnsanlar arıqlaya bilərlər. Lakin daha sonra orqanizmdə itirilən çəkini geri qaytarmağa çalışan bioloji mexanizmlər işə düşür”, – deyə o qeyd edib.

Mütəxəssis arıqlamaq istəyən şəxslərə ilk növbədə həyat tərzlərini nəzərdən keçirməyi tövsiyə edir. Bunun üçün yüksək dərəcədə emal olunmuş qidaların qəbulunu azaltmaq, fiziki aktivliyi artırmaq, yuxu rejiminə diqqət yetirmək və stressi idarə etmək vacibdir.

Bununla yanaşı, artıq çəkinin sağlamlığa təsiri də qiymətləndirilməlidir. Xüsusilə qarın nahiyəsində yağlanma yüksək qan təzyiqi, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə daha sıx əlaqəlidir. Ailədə piylənmə və onunla bağlı xəstəliklərin olması da riskləri artıra bilər.

“Əsas məsələ tərəzidə görünən rəqəm deyil, sağlamlıq göstəricilərinin yaxşılaşmasıdır”, – deyə Batterhem vurğulayıb.

O, əvvəllər Böyük Britaniyada bariatrik cərrahiyyə mərkəzinə rəhbərlik edib. Mütəxəssisin sözlərinə görə, bu əməliyyatlardan sonra iştaha əhəmiyyətli dərəcədə azalır. Buna səbəb aclıq hissinin tənzimlənməsində iştirak edən GLP-1 də daxil olmaqla, bəzi hormonların səviyyəsində baş verən dəyişikliklərdir. Bu mexanizmlərin araşdırılması piylənmənin müalicəsi üçün yeni dərmanların hazırlanmasına şərait yaradıb.

Bununla belə, dərman vasitələri ilə müalicə əksər hallarda uzunmüddətli davam etdirilməlidir. Preparatın qəbulunu dayandırdıqdan sonra itirilmiş çəkinin yenidən artması mümkündür. Batterhem bunu qan təzyiqi dərmanlarının dayandırılmasından sonra təzyiqin yenidən yüksəlməsi ilə müqayisə edib.

Mütəxəssis qeyd edib ki, piylənmənin müalicəsində hər kəsə uyğun vahid üsul yoxdur. Məsələn, tez-tez səfərə çıxan şəxslər iynə əvəzinə tablet formasında olan preparatlara üstünlük verə bilərlər. Müalicə seçilərkən pasiyentin gündəlik həyat tərzi, dərmanların mümkün fayda və riskləri, eləcə də ailə dəstəyi nəzərə alınmalıdır.

Müasir piylənmə əleyhinə dərmanların əksəriyyəti iştahanı tənzimləyən GLP-1 hormonunun təsir mexanizmini hədəf alır. Lakin bu preparatlar hər kəs üçün uyğun deyil. Ən çox rast gəlinən yan təsirlər mədə-bağırsaq problemləri ilə bağlıdır. Həzm sistemi xəstəlikləri olan şəxslər müalicə zamanı xüsusi diqqətli olmalıdırlar.

Bundan başqa, bu dərmanların hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Hamiləlik planlaşdıran şəxslər müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.

Batterhem bildirib ki, preparatın dozasının sürətlə artırılması ürəkbulanma, ishal və ya qəbizliyə səbəb ola bilər. Buna görə dozanın tədricən artırılması daha məqsədəuyğun hesab edilir. Müalicə müddətində kifayət qədər protein və maye qəbuluna da diqqət yetirilməlidir.

Mütəxəssisin fikrincə, uyğun dərman seçimi, dozanın düzgün tənzimlənməsi və həkim nəzarəti ilə piylənmənin müalicəsində uğurlu nəticələr əldə etmək mümkündür.
//unikal.az

Son xəbərlər