Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama | 11:26 Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə | 11:16 Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı | 23:01 Sarımsaq həqiqətən xəstəliklərdən qoruyur? | 22:56 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb | 22:50 Sağlamlığınızı "ChatGPT"yə həvalə etməyin! | 22:43 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirildi |
Mojo.az Avto
Mojo.az Avto

İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA

27.11.2026 13:17 204
İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA
Son dövrlər vəfat etmiş şəxslərin arxasınca sosial şəbəkələrdə nalayiq ifadələrin işlədilməsi, onların şəxsiyyətinin təhqir olunması və keçmiş əməlləri ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi müzakirələrə səbəb olur. Bəzi hallarda insanlar mərhumun sağlığında etdiyi səhvləri əsas gətirərək onun ölümündən sonra da təhqir olunmasını normal hesab edirlər. Halbuki dinimizdə vəfat etmiş insanın mənəvi toxunulmazlığı, qeybət, böhtan və insanın heysiyyətinə hörmət məsələlərinə xüsusi yanaşma var.

İslam dinində vəfat etmiş şəxsin arxasınca nalayiq ifadələr işlətmək, onu təhqir etmək, lənətləmək və haqqında mənfi fikirlər səsləndirmək necə qiymətləndirilir?

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Median.Az-a açıqlamasında bildirib ki, insan hörmətə layiq ən mükəmməl yaradılmış bir varlıqdır:
“İnsanlar həmişə bir-birinə hörmətlə yanaşmalıdırlar. İslam dininə görə insanın heysiyyətinə və şərəfinə hörmət yalnız onun sağlığında deyil, vəfatından sonra da qorunmalı olan mənəvi dəyərlərdəndir. İnsan dünyasını dəyişdikdən sonra onun arxasınca nalayiq ifadələr işlətmək, təhqir etmək, alçaldıcı sözlər yazmaq dinimizin əxlaq prinsiplərinə uyğun deyil. Peyğəmbərimiz (s.ə.s) bu məsələdə çox aydın mövqe ortaya qoyub. Səhih Buxaridə Aişədən (r.a) rəvayət olunan hədisdə buyurulur: “Ölüləri söyməyin. Çünki onlar etdikləri əməllərin nəticəsinə çatmışlar.” (Səhih əl-Buxari, 1393). Bu hədis bizə mühüm bir həqiqəti xatırladır. İnsan dünyasını dəyişdikdən sonra onun hesabı Allaha aiddir. Biz kiminsə aqibəti haqqında qəti hökm verə bilmərik. İnsan sağlığında müəyyən səhvlərə yol vermiş, kiməsə haqsızlıq etmiş, cəmiyyət tərəfindən tənqid olunmuş ola bilər. Lakin bunlar həmin insanı ölümündən sonra təhqir etməyə, nalayiq ifadələrlə xatırlamağa əsas vermir. Əməlin yanlış olduğunu demək başqa, insanın şəxsiyyətini alçaltmaq başqadır. Qurani-Kərimdə Allah insanın heysiyyətini qoruyan mühüm prinsiplər müəyyən edib. “Hucurat” surəsinin 12-ci ayəsində qeybət qadağan edilir və bu əməl ölmüş qardaşının ətini yeməyə bənzədilir. Bu bənzətmə təsadüfi deyil. İnsan qeybətin nə qədər iyrənc və mənəvi baxımdan ağır bir əməl olduğunu dərk etsin deyə belə bir misal çəkilir. Əgər bir insanın sağlığında arxasınca danışmaq bu qədər ağır günahdırsa, onun artıq dünyasını dəyişdiyi, özünü müdafiə etmək imkanının olmadığı bir vaxtda təhqir olunması daha ciddi mənəvi məsuliyyət doğurmalıdır”.
O qeyd edib ki, burada bir məsələni də düzgün ayırmaq lazımdır:
“Mərhumun arxasınca danışmamaq o demək deyil ki, onun sağlığında etdiyi bütün əməllər gizlədilməli, tarixi həqiqətlər ört-basdır edilməli və ya cəmiyyətə zərər verən fəaliyyətləri barədə danışmaq qadağan olunmalıdır. Əgər bir insanın fəaliyyəti ictimai əhəmiyyət daşıyırsa, onun əməlləri təhlil edilirsə, tarixi həqiqət ortaya qoyulursa, insanlara zərər vermiş davranışlar araşdırılırsa, burada məqsəd təhqir deyil, həqiqətin və ədalətin qorunması olmalıdır. Bu zaman faktlara əsaslanmaq, ifrata varmamaq, şəxsi qərəzdən uzaq olmaq və insanın ləyaqətini alçaldan ifadələr işlətməmək vacibdir. Peyğəmbərimiz (s.ə.s) qeybətin nə olduğunu izah edərkən qardaşını onun xoşlamadığı bir xüsusiyyətlə xatırlatmağın qeybət olub olmadığını soruşan səhabəyə belə cavab verib: “Əgər dediyin onda varsa, qeybət etmiş olarsan. Əgər onda yoxdursa, ona böhtan atmış olarsan.” (Səhih Muslim, 2589). Bu hədis həqiqətlə böhtan arasındakı sərhədi çox aydın müəyyən edir. Deməli, bir sözün doğru olması onu istənilən formada, istənilən məqsədlə söyləməyə haqq qazandırmır. Həqiqət də əxlaq çərçivəsində ifadə edilməlidir. Mən hesab edirəm ki, sosial şəbəkələrdə bu məsələyə xüsusi diqqət yetirməliyik. Bəzən bir insan vəfat edən kimi onun haqqında illər əvvəl baş vermiş hadisələr gündəmə gətirilir, təhqirlər yazılır, ailəsi və yaxınları nəzərə alınmadan nalayiq ifadələr işlədilir. Hətta elə sözlər deyilir ki, həmin insan sağlığında olsa, bunu onun üzünə söyləməyə cəsarət etməzdilər. İnsan ölümündən sonra müdafiəsiz qaldığı üçün onun arxasınca danışmaq, təhqir etmək nə mənəvi üstünlükdür, nə də cəsarət. Əksinə, insanın öz əxlaqını göstərən bir davranışdır”.
İlahiyyatçı bildirib ki, vəfat edən insanın ailəsi, övladları, valideynləri, yaxınlarının olduğunu unudulmamalıdır:
“Sosial şəbəkədə yazılan hər bir söz həmin insanların qəlbində yeni bir yara aça bilər. Biz bir insanın səhvlərini müzakirə edərkən onun övladlarının, ailəsinin də bu sözləri oxuya biləcəyini düşünməliyik. İslam yalnız ibadətləri deyil, insanlarla münasibətlərimizi, danışığımızı, davranışımızı və başqalarının qəlbinə toxunmağımızı da tənzimləyən dindir. Qurani-Kərimdə “İsra” surəsinin 70-ci ayəsində Allah buyurur ki, Adəm övladını şərəfli və hörmətli yaratmışdır. Bu hörmət insanın yalnız sağlığında deyil, onun insan olaraq daşıdığı ləyaqətlə bağlıdır. Biz kiminsə səhvini tənqid edə bilərik, onun əməlinə qarşı çıxa bilərik, lakin bunu insanlıq çərçivəsindən çıxmadan etməliyik. İnsanın həm sağlığında, həm də vəfatından sonra ona hörmətlə yanaşmaq lazımdır. Sağlığında üzünə deyilməyən təhqirləri ölümündən sonra arxasınca söyləməkdən çəkinmək lazımdır. Əgər həqiqətən bir səhvi, bir haqsızlığı və ya cəmiyyət üçün təhlükəli olan bir davranışı müzakirə etmək istəyiriksə, bunu təhqirlə deyil, dəlillə, faktla və əxlaqla etməliyik. İnsan dünyasını dəyişdikdən sonra onun haqqında yazdığımız sözlər əslində daha çox bizim kim olduğumuzu göstərir. Çünki həmin insan artıq cavab verə bilmir. Bu zaman bizim vicdanımız, imanımız, mərhəmətimiz və insanlığa münasibətimiz ortaya çıxır. Hər kəsin səhvi ola bilər. Biz də sabah dünyamızı dəyişə bilərik. İstərdik ki, arxamızca danışılan sözlər təhqir deyil, ədalət, mərhəmət və insaf çərçivəsində olsun.
Ölüm insanı mübahisənin, nifrətin və şəxsi hesablaşmaların obyektinə çevirmək üçün deyil, yaşayan insanlara ibrət götürmək üçün bir hadisə olmalıdır. Başqasının ölümündən özümüz üçün dərs çıxarmaq, həyatımızı, davranışımızı və sözlərimizi yenidən nəzərdən keçirmək daha doğru yanaşmadır. Çünki bir gün biz də bu dünyadan köçəcəyik və geridə yalnız əməllərimiz, xatirəmiz və insanlar arasında qoyduğumuz iz qalacaq”.

Son xəbərlər