Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto

14.11.2026 21:33 54
Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto
Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. 2027-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (39 milyard 254 milyon manat) 39,4 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,6 faizi və ya 23 milyard 774 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Sənədə əsasən, son beş il ərzində dövlət büdcəsinin gəlirlərinin faktiki icra göstəricilərində qeyri-neft-qaz sektoru üzrə gəlirlərin xüsusi çəkisi 43,3 faizdən 51,9 faizə yüksəlib. 2027-ci ilin dövlət büdcəsinin gəlirlərinin proqnozlarında isə bu göstəricinin son iyirmi ilin ən yüksək həddinə - 60,6 faizə çatdırılması nəzərdə tutulur.

Median.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:


Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto

 "Qeyri-neft gəlirləri büdcəyə yeni dayaq olacaq"

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, vergi daxilolmalarında qeyri-neft sektorunun payının artması fiskal dayanıqlılıq baxımından vacibdir: "Əsas məqsədlərdən biri neftdən asılılığın minimuma endirilməsi və qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərində payının artırılmasıdır. Bu, büdcəyə enerji sektorundan kənar sahələr hesabına daha çox vəsaitin daxil olmasına imkan yaradır. 2027-ci ilin büdcə layihəsində qeyri-neft-qaz sektorunun payının 60 faizlik həddi keçməsi Azərbaycan iqtisadiyyatı tarixində ən yüksək göstəricilərdən biridir. Bu artımın səbəbləri arasında qeyri-neft sektorundan daxilolmaların yüksəlməsi, iqtisadiyyatın leqallaşdırılması istiqamətində islahatların dərinləşməsi, maliyyə intizamının gücləndirilməsi və qanunvericilikdə edilən dəyişikliklərdən sonra vergi daxilolmalarının artması var. Sahibkarlıq fəaliyyəti genişləndikcə qeyri-neft sektorunun büdcə gəlirlərində payı da yüksəlir. Büdcənin dayanıqlılığının güclənməsi sosial və digər prioritet istiqamətlərə daha çox vəsait ayrılmasına imkan yaradır".

Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto

"İqtisadiyyatın şaxələndirilməsi yalnız büdcə göstəricisi ilə ölçülmür"

Milli Məclisin deputatı Tahir Mirkişili isə 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyri-neft-qaz gəlirlərinin payının 60,6 faizə çatdırılmasını müsbət və əhəmiyyətli dəyişiklik kimi qiymətləndirir: "Sadə dillə desək, dövlət büdcəsinə daxil olacaq hər 100 manatın təxminən 61 manatının qeyri-neft-qaz mənbələrindən əldə edilməsi nəzərdə tutulur. Bu, dövlətin daha geniş gəlir bazasına söykənməsi və neft qiymətlərindəki dəyişikliklərə qarşı dayanıqlılığının artması baxımından vacibdir. Təqdim olunan rəqəmlərə əsasən, gələn il qeyri-neft-qaz gəlirləri 1,6 milyard manat artacaq, neft-qaz gəlirləri isə 955 milyon manat azalacaq. Deməli, qeyri-neft sektorunun büdcə gəlirlərindəki payının yüksəlməsi həm qeyri-neft daxilolmalarının artması, həm də neft-qaz gəlirlərinin azalması ilə bağlıdır. Müsbət məqam ondan ibarətdir ki, qeyri-neft gəlirlərindəki artım neft gəlirlərindəki azalmanı kompensasiya edir".

T.Mirkişilinin fikrincə, bu göstərici büdcənin birbaşa neft gəlirlərindən asılılığının azaldığını göstərsə də, bütövlükdə iqtisadiyyatın neftdən asılılığını yalnız büdcə gəlirlərinin strukturu ilə ölçmək olmaz: "Çünki qeyri-neft müəssisələrinin bir hissəsi dövlət sifarişlərindən, dövlət investisiyalarından və neft gəlirlərinin yaratdığı daxili tələbdən də gəlir əldə edir. Buna görə də iqtisadiyyatın şaxələndirilməsini qiymətləndirərkən qeyri-neft ixracına, özəl investisiyalara, əmək məhsuldarlığına və yaradılan daimi iş yerlərinə də diqqət yetirilməlidir. Əsas məqsəd qeyri-neft biznesinin öz məhsul və xidmətləri, eləcə də rəqabət qabiliyyəti hesabına böyüməsidir".

"Artımın əsas şərti əlavə dəyər yaratmaqdır"

Deputatın sözlərinə görə, qeyri-neft gəlirlərinin davamlı artması üçün emal sənayesi, aqrar məhsulların emalı, logistika, turizm və rəqəmsal xidmətlər kimi sahələrdə əlavə dəyərin yaradılması vacibdir: "Xüsusilə xarici bazarlara məhsul və xidmət ixrac edən müəssisələrin sayının artması həm büdcə gəlirlərinin, həm məşğulluğun, həm də ölkəyə daxil olan valyutanın artmasına töhfə verə bilər. Bunun üçün sahibkarların maliyyəyə çıxışı yaxşılaşdırılmalı, rəqabət mühiti qorunmalı, müqavilələrin icrasına etimad gücləndirilməli, gömrük və vergi prosedurları sadələşdirilməli, peşə təhsili və texnologiyaya investisiyalar artırılmalıdır".

"Dayanıqlı gəlir mənbələri maliyyə sabitliyinin əsas şərtidir"

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə bildirdi ki, qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərində payının artması və qarşıya qoyulan 60,6 faizlik hədəf əhəmiyyətlidir: "Çünki Azərbaycanda büdcə gəlirlərinin böyük hissəsi ənənəvi olaraq neft-qaz sektorunun hesabına formalaşıb. Son illərdə bu nisbətin qeyri-neft sektorunun xeyrinə dəyişməsi büdcə gəlirlərinin strukturunda dəyişiklikdən xəbər verir. Bununla belə, əsas məsələ proqnoz göstəricilərinin yerinə yetirilməsidir. Neft qiymətlərinin dəyişkənliyini nəzərə alsaq, büdcə gəlirlərinin daha dayanıqlı mənbələr hesabına formalaşdırılması maliyyə sabitliyi baxımından vacibdir. Qeyri-neft sektorunun büdcə gəlirlərində payının artması neftdən asılılığın müəyyən qədər azaldığını göstərsə də, bu artım yalnız qeyri-neft sektorunun inkişafı və gəlirlərinin yüksəlməsi ilə bağlı deyil. Neft-qaz sektorunun gəlirlərinin azalması da həmin göstəriciyə təsir edir. Başqa sözlə, neft gəlirləri azaldıqda, qeyri-neft gəlirləri dəyişməsə belə, onların büdcədəki xüsusi çəkisi yüksələ bilər. Çünki bu göstəricilər ümumi gəlirlər daxilindəki nisbət əsasında hesablanır. Buna görə də iqtisadiyyatın neftdən asılılığının real səviyyəsini qiymətləndirmək üçün qeyri-neft sektorunun ÜDM-də payına və artım tempinə, eləcə də qeyri-neft ixracının həcminə və dinamikasına baxmaq lazımdır. Qeyri-neft sektorunun davamlı inkişafı üçün informasiya texnologiyaları, logistika və tranzit sahələri, eləcə də kənd təsərrüfatı və emal sənayesi prioritet istiqamətlər kimi nəzərdən keçirilməlidir. Xüsusilə kənd təsərrüfatı məhsullarının emalının inkişafı əlavə dəyərin yaradılması və qeyri-neft gəlirlərinin artırılması baxımından əhəmiyyətlidir".

A.İsmayılovun fikrincə, büdcə gəlirlərinin şaxələndirilməsi insanların rifahına, sosial və infrastruktur xərclərinə müsbət təsir göstərə bilər: "Lakin bu təsir dolayı xarakter daşıyır və müəyyən zaman tələb edir".

Son xəbərlər