Ət niyə bahalaşır? (Açıqlama)
Milli Məclisin deputatı Əli Məsimli bu gün keçirilən iclasda bildirib ki, bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq. O həmçinin qeyd edib ki, xarici ölkələrin təcrübəsi öyrənilməsə, ətin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun olmayan səviyyədə arta bilər.
Bununla bağlı oxu.az-ın suallarını cavablayan kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov qiymət artımına əsas verən amillərdən bəhs edib.
O vurğulayıb ki, ət kütləvi istehlak məhsuludur və Azərbaycan xalqı ətsevər olduğu üçün bu məhsulun qiymətinin yüksəkliyi, eləcə də keyfiyyət məsələsi daim müzakirə edilir:
"Bəzən ekspertlər və bəzi dövlət qurumları azyaşlı, yəni yetişməmiş heyvanların kəsilməsi məsələsini gündəmə gətirir və bunu ətin qiymətinin artmasının əsas səbəblərindən biri hesab edirlər.
Bu, əsas səbəb sayıla bilməz. Çünki sürü dövriyyəsinin strukturunu, yəni tərkibini təhlil etmədən belə bir fikir irəli sürülür. Halbuki, Azərbaycanda son 7-10 il ərzində həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın sayı kəskin şəkildə azalıb.
Kənd təsərrüfatı mütəxəssisi kimi öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda xırdabuynuzlu mal-qaranın, yəni qoyun və keçilərin sayı təxminən 1 milyon 800 min-2 milyon baş, bəlkə də bir qədər çox azalıb. Bu rəqəmlərdə 3-5 faiz xəta payı ola bilər.
İribuynuzlu mal-qaranın sayının azalması ilə bağlı isə müxtəlif rəqəmlər səsləndirilir. Bəzi məlumatlarda bu azalmanın 300-400 min, digərlərində isə 280 min baş olduğu bildirilir.
Ən vacib məqam nədir? Xırdabuynuzlu mal-qara, xüsusilə də qoyunçuluq sahəsində xaricdən məşhur ətlik qoyun cinslərinin Azərbaycana gətirilməsi və yerli şəraitə uyğunlaşdırılması xeyli vaxt tələb edir. Bu proses epizootik vəziyyətdən, regional təbii-iqlim şəraitindən və yemləmədən çox asılıdır. Bu istiqamətdə çətinliklər var.
Azərbaycanda yerli keçi cinslərinin süd məhsuldarlığı yüksək deyil. Avropada həm dağlıq, həm də aran iqlim zonalarına uyğunlaşan, xəstəliklərə davamlı olan, gündə 2,8-3,2 litr süd verən, ildə 2-3, bəzi hallarda isə 4 bala gətirən keçi cinsləri mövcuddur.
Bu cinslər Azərbaycan şəraitinə uyğunlaşa bilir. Hətta Bakı və Abşeron yarımadasının şəraitinə uyğun yetişdirilməsi mümkündür. Həmin cinslərin damazlıq məqsədilə ölkəyə gətirilməsi, burada çoxaldılması və təsərrüfatlarda yetişdirilməsi həm ət, həm də süd istehsalı baxımından yaxşı nəticə verə bilər. Lakin qoyunçuluqda bu məsələ daha ciddi şəkildə düşünülməlidir. Yerli qoyun cinslərinin damazlıq istiqamətində inkişafı daha məqsədəuyğundur.
İribuynuzlu mal-qara sahəsində isə əsas narahatlıq mal ətinin qiyməti ilə bağlıdır. Hazırda Azərbaycanda 2 milyon 485 min baş iribuynuzlu mal-qara var. Onların təxminən yarısı, yəni 50 faizi inək və camışlardır. Bunlar əsasən südlük və damazlıq heyvanlardır.
Sürü strukturuna, yəni heyvanların cins tərkibinə baxsaq, görərik ki, yerli cinslər gündə 7-11 litr süd verir. Bu heyvanlardan alınan buzovları isə maksimum 350, ən yaxşı halda, yüksək yemləmə şəraitində 400 kiloqrama qədər böyütmək olar.
Bu da hər regionda mümkün deyil. Yarımaçıq şəraitdə bunu həyata keçirmək, demək olar ki, mümkün olmur. Tam qapalı şəraitə keçdikdə isə xərclər artır. Çünki otlaq sahələri azdır. Bundan əlavə, heyvanlara verilən qüvvəli yemlərin, vitaminlərin və zoobaytarlıq xidmətlərinin də qiyməti yüksəkdir. Bütün bunlar heyvanın ətinin maya dəyərini artırır.
Qalan 50 faiz isə kəsimə gedən heyvanlardır. Bu, ümumilikdə 1 milyon 200-250 min baş deməkdir. Onların içərisində mələz və cins heyvanları çıxsaq, demək olar ki, 90-95 faizi yerli cinslərdir. Bu heyvanlar 250-350 kiloqram çəki yığaraq satışa çıxarılır. Onların bir qismi isə azyaşlı və aşağı çəkidə olduğu halda satılır".
Ekspertin sözlərinə görə, heyvanların sayının artırılması birinci şərtdir:
"Həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayının kəskin azalması ətin qiymətinin yüksəlməsinin əsas səbəblərindən biridir.
İkinci səbəb məhsuldarlıq, daha dəqiq desək, cins tərkibi ilə bağlıdır. Bu gün Azərbaycanda cins damazlıq mal-qaranın sayı maksimum 35-50 min baş ola bilər. Heyvanların identifikasiyası tam təmin edilmədiyi, yəni hər bir inəyin qulağında çip olmadığı üçün bu rəqəmləri dəqiq müəyyənləşdirmək mümkün deyil. Statistik məlumatlarda da xətalar ola bilər. Bizdə alternativ statistik metodlardan da istifadə olunmur.
Şərti olaraq 50 min baş götürsək, onların hər birinin orta çəkisini 450-500 kiloqram hesablasaq belə, sağmal heyvanlar çıxıldıqdan sonra bu say ət balansına ciddi təsir göstərə biləcək səviyyədə deyil.
Statistik məlumatlara görə, Azərbaycanda mələz heyvanların sayı 100 min başdır. Bunlar yerli cinslərin süni mayalanması nəticəsində əldə olunan heyvanlardır. Onların 50 min başının dişi, 50 min başının isə erkək olduğunu fərz etsək və hər birinin ən yaxşı halda 500 kiloqram çəkiyə çatdığını nəzərə alsaq belə, bu heyvanların ümumi sayı ölkənin ət balansına ciddi təsir göstərə bilməz.
Ona görə də qiymət artımının ikinci səbəbi cins mal-qaranın sayının az olmasıdır.
Bir neçə il öncə Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək üçün müəyyən hesablamalar aparmışdım. Yerli damazlıq mal-qara saxlamaqdansa, 460 min baş holştein, smental, şaralin, limuzin və anqus cinslərini proporsional şəkildə ətlik-südlük istiqamətində inkişaf etdirə bilsək, Azərbaycan özünün ət və ət məhsullarına, eləcə də süd və süd məhsullarına olan tələbatının 70-80 faizini ödəyə bilər.
Üçüncü qiymət artımı amili isə son illərdə kənd təsərrüfatına təsir edən xərclərin artmasıdır. Buraya dizel yanacağının, kənd təsərrüfatında və heyvandarlıqda istifadə olunan qüvvəli yemlərin, istehsal materiallarının, logistika xidmətlərinin və digər xərclərin artması daxildir.
Xüsusilə, yem xərclərini qeyd etmək lazımdır. Yaxşı süd məhsuldarlığı və yüksək çəki artımı əldə etmək üçün heyvanlara mütləq qüvvəli və qarışıq yemlər verilməlidir. Son illərdə bu yemlərin qiyməti də yüksəlib. Bu da ətin qiymətinin artmasına təsir edən üçüncü amildir.
Dördüncü mühüm amil fermerlərin öz gəlirləri ilə bağlıdır. Kiçik təsərrüfatla məşğul olan hər bir fermer əldə etdiyi gəliri yalnız heyvandarlığın inkişafına deyil, həm də gündəlik məişət və digər qeyri-ərzaq ehtiyaclarına xərcləyir.
Fermer özünün və ailəsinin yaşayış xərclərini də məhz məşğul olduğu fəaliyyətdən əldə etdiyi gəlirlə ödəməlidir. Qeyri-ərzaq məhsullarının və digər zəruri xərclərin qiyməti artdığı üçün fermer də məhsulunu bazara çıxararkən daha yüksək qiymət müəyyənləşdirməyə məcbur olur.
Əlavə bir amil də var. Fermerlər öz mal-qarasını və xırdabuynuzlu heyvanlarını birbaşa kəsim üçün bazara çıxara bilmirlər. Azərbaycanda bir neçə rayonda həftənin müəyyən günlərində fəaliyyət göstərən heyvan bazarları var. Məsələn, İmişlidə bazar şənbə günü, Bərdədə bazar günü, Sabirabadda isə cümə günü fəaliyyət göstərir. Beləliklə, müəyyən bölgələr üzrə bazar günləri formalaşıb.
Topdansatış və ya yarımtopdansatış fəaliyyəti ilə məşğul olan şəxslər həmin bazarlara gedərək mal-qaranı fermerlərdən alır, Bakıya gətirir və pərakəndə satışa təqdim edirlər. Bu prosesdə vasitəçilər də müəyyən marja, yəni gəlir əldə edirlər. Həmin əlavə gəlir az görünə bilər, lakin ümumi qiymətə təsiri kifayət qədər əhəmiyyətlidir.
Azərbaycanda ətin qiymətinin artmasının digər səbəblərindən biri də istehlakın artmasıdır. Bu amili də mütləq nəzərə almaq lazımdır".
Qiymət artımının qarşısını almaq üçün nə etmək lazımdır?
Xaliq Məmmədov əlavə edib ki, bu, qısamüddətli proqramla həll ediləcək məsələ deyil:
"Çünki iribuynuzlu mal-qarada mayalanmadan sonra balanın dünyaya gəlməsi üçün təxminən 10 ay vaxt tələb olunur. Bundan sonra isə ən azı 12-14 ay lazımdır ki, həmin heyvan ya damazlıq dişi inək qrupuna daxil olsun, ya da kökəltmə təsərrüfatında ətlik heyvan kimi yetişsin. Beləliklə, bir heyvanın yetişməsi üçün 10 ay və əlavə 14 ay olmaqla, ümumilikdə 24 ay, yəni iki il vaxt tələb olunur.
Xırdabuynuzlu mal-qarada isə bu müddət daha qısadır. Bu proses 8-10 ay çəkir və təxminən 14 ay ərzində nəticə əldə etmək mümkündür.
Ona görə də bütün islahatlar, eləcə də Prezidentin bu sahədə müəyyən etdiyi hədəflər uzunmüddətli yanaşma əsasında həyata keçirilməlidir. 2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatının və aqrar sektorun inkişafı ilə bağlı fərman əsasında bu sahəyə, o cümlədən heyvandarlığın inkişafına müəyyən vəsaitlərin ayrılması nəzərdə tutulur:
"Həmin vəsaitin regionlar üzrə düzgün istiqamətləndirilməsi, hər bir bölgənin xüsusiyyətlərinə uyğun planlaşdırılması vacibdir. Eyni zamanda, zootexniki və zoobaytarlıq tədbirləri çox həssaslıqla həyata keçirilməlidir ki, yatırılan hər bir manat ya heyvanların çəki artımına, ya da süd məhsuldarlığının yüksəlməsinə xidmət etsin.
Ən vacib məsələ məhz budur. Nəticədə məhsuldarlıq artacaq və məhsulun maya dəyəri, bununla da bazar qiyməti aşağı düşəcək".