Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA

28.10.2026 14:21 807
Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir  - AÇIQLAMA
Şagirdlər təhsil müddətində imtahan stressi, həmyaşıdlarla münasibətlər və ailə problemləri ilə üzləşə bilərlər. Məktəb psixoloqlarının sayı, iş yükü və şagirdlərlə fərdi işləmək imkanları bu problemlərin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Məktəblərdə psixoloji xidmətlərin effektivliyini qiymətləndirərkən hansı meyarlar nəzərə alınmalıdır və bu xidmətin gücləndirilməsi üçün nə dəyişməlidir?

Bununla bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Median.Az-a açıqlamasında deyib ki, şagirdlərin təhsil müddətində qarşılaşdıqları imtahan gərginliyi, həmyaşıdlar arası münasibətlərdə vizual və psixoloji təzyiqlər, bullinq və ailədaxili sosial-psixoloji problemlər təlim sisteminin akademik məhsuldarlığına birbaşa təsir göstərən institusional faktorlardır:

“Fizioloji inkişaf və eləcə də şəxsiyyətin intensiv formalaşma mərhələsində olduğu məktəb dövründə bu neqativ amillərin vaxtında aşkarlanması bilavasitə məktəb psixoloqlarının fəaliyyət keyfiyyəti ilə şərtləndirilir. Bu baxımdan, ümumi təhsil müəssisələrində psixoloji xidmətin effektivliyinin obyektiv meyarlarla qiymətləndirilməsi və bu infrastrukturun gücləndirilməsi müasir təhsil siyasətinin və uşaqların fiziki-psixoloji inkişaf qanunauyğunluqlarının həllini gözləyən vacib prioritetlərindən biri kimi çıxış edir. Məktəblərdə psixoloji xidmətlərin səmərəliliyini elmi-pedaqoji müstəvidə qiymətləndirərkən formal hesabatlılıqdan uzaq olan bir neçə fundamental meyar əsas götürülməlidir. Birinci meyar, psixoloq-şagird subyektlərinin sayı mütənasibliyi və iş yükünün optimallığıdır. Hazırda bir çox irihəcmli məktəblərdə bir psixoloqa düşən şagird sayının normativləri kəskin aşması fərdi diaqnostika və korreksiya işlərinin keyfiyyətini təbii olaraq zəiflədir. İkinci meyar, preventiv müdaxilə və anonim müraciət indeksidir. Xidmətin uğuru mənfi hadisə baş verdikdən sonra reaksiya verməklə deyil, tam qorunan, gizli anonim müraciət və etimad sistemləri vasitəsilə risk qrupuna daxil olan uşaqların əvvəlcədən aşkarlanma faizi ilə ölçülməlidir. Üçüncü meyar isə, müəllim-şagird-valideyn üçbucağında interaktiv tərəfdaşlığın səviyyəsidir. Psixoloqun ailə ilə qurduğu pozitiv dialoq mühiti və valideynlərin təhsil prosesindəki məsuliyyət dərəcəsini ölçən interaktiv qiymətləndirmə mexanizmləri xidmətin ümumi effektivlik göstəricisidir”.

O qeyd edib ki, məktəblərdə keyfiyyətli, dünyəvi və təhlükəsiz təhsil mühitini qorumaq üçün yaxın illərdə psixoloji xidmət sistemində köklü islahatların aparılması artıq bir zərurətdir:

“İlk növbədə, kütləvi təhsil modelində şagird sıxlığının gətirdiyi gərginliyi azaltmaq üçün psixoloq ştatlarının sayı hər bir müəssisənin real demoqrafik parametr və daxili təşkilatlanma ehtiyaclarına uyğun olaraq diferensial şəkildə artırılmalıdır. İkincisi, psixoloqların real fəaliyyəti kağız üzərində qurulan və sənədləşmə işlərinin həddindən artıq çoxluğuna əsaslanan formal yükdən tamamilə azad edilməli, canlı metodiki-praktiki seanslara üstünlük verilməlidir. Üçüncüsü isə, məktəb psixoloqlarının fərdi peşəkar inkişafı şablon mühazirələrdən uzaqlaşaraq, beynəlxalq təcrübədə uğur qazanmış peşəkar inkişaf icmaları modelinə adaptasiya olunmalı, onların müasir ölçmə-qiymətləndirmə meyarları və təlim analitikası üzrə kompetensiyaları davamlı olaraq yüksəldilməlidir. Məktəb daxilində psixoloji xidmət infrastrukturunun rəqəmsallaşması və funksional menecment üsulları ilə yenidən qurulması çox önəmlidir və bu həm də dövlətin müəyyən etdiyi müasir keyfiyyət standartlarının zəmanətidir. Yalnız elmi əsaslara söykənən, ailə-məktəb tərəfdaşlığının vəhdəti ilə paralel şəkildə həyata keçirilən və hüquqi məsafə prinsiplərinə hörmət edən bir psixoloji xidmət modeli şagirdlərin akademik suverenliyini qoruya bilər. Bu kompleks yanaşma uşaqların həm intellektual inkişafına, həm də mənəvi-emosional aşınma amillərindən uzaq, tolerant, multikultural və birgəyaşayış mədəniyyətinə sahib sağlam bir şəxsiyyət kimi cəmiyyətə qazandırılmasına birbaşa və dayanıqlı töhfə verəcəkdir”.

Son xəbərlər