Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama
Əmək bazarında işəgötürənlər diplomla yanaşı, təcrübəyə, rəqəmsal bacarıqlara və praktiki biliklərə də önəm verirlər. Bu vəziyyət universitetlərdə tədris olunan proqramlarla real iş tələbləri arasındakı uyğunluğu aktuallaşdırır. Sual: Azərbaycanda ali təhsillə əmək bazarının tələbləri arasında hansı uyğunsuzluqlar var və universitetlər məzunların işlə təminatını yaxşılaşdırmaq üçün nə etməlidirlər?
Bu barədə təhsil eksperti Məzahir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, bu gün əmək bazarında tələblər sürətlə dəyişir:
Bu barədə təhsil eksperti Məzahir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, bu gün əmək bazarında tələblər sürətlə dəyişir:
“Süni intellektin inkişafı işəgötürənlərin mütəxəssislərdən gözləntilərini artırır. Artıq yalnız ali təhsil diplomuna sahib olmaq kifayət etmir. İşçilərdən peşə bilikləri ilə yanaşı, praktiki bacarıqlar və ixtisaslarına uyğun kompetensiyalar da tələb olunur. Mövcud vəziyyət ali təhsil müəssisələrinin üzərinə də əlavə məsuliyyət qoyur. Universitetlər əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlamalı, tədris prosesində müasir texnologiyalara və süni intellektlə bağlı sahələrə daha çox diqqət ayırmalıdırlar. Bu məqsədlə ali təhsil müəssisələrinin laboratoriyaları yenilənməli, proqram təminatları təkmilləşdirilməli və maddi-texniki baza gücləndirilməlidir. Eyni zamanda, universitetlərin karyera mərkəzlərinin fəaliyyəti genişləndirilməli, məzunların məşğulluğuna dəstək artırılmalıdır”.
O qeyd edib ki, universitetlərin bu istiqamətdə qarşılaşdığı əsas məsələlərdən biri də maliyyə imkanlarıdır:“Dövlət büdcəsindən ayrılan vəsaitlərin məhdudluğu şəraitində ali təhsil müəssisələrinin əlavə maliyyə mənbələri yaratması və mövcud resurslardan səmərəli istifadə etməsi vacibdir. Universitetlər həm tədrisin keyfiyyətini yüksəltmək, həm də müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamaq üçün fəaliyyətlərini yeni dövrün şərtlərinə uyğun qurmalıdırlar”.
