Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi və Azərbaycanın dünyəvi təhsil prinsiplərini hədəf alan açıqlamaları ölkədə müzakirələrə səbəb olub. Bəyanat Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilib. Bildirilib ki, Azərbaycan dünyəvi dövlət olaraq təhsil sistemini öz tarixinə, mədəniyyətinə və inkişaf strategiyasına uyğun qurur, eyni zamanda vicdan azadlığını təmin edir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Median.Az-a şərhində bildirib ki, İran nazirinin bu bəyanatı yolverilməzdir, Azərbaycanın daxili həyatına, daxili siyasətimizə müdaxilədir:
Milli Məclisin deputatı Aydın Mirzəzadə Median.Az-a şərhində bildirib ki, İran nazirinin bu bəyanatı yolverilməzdir, Azərbaycanın daxili həyatına, daxili siyasətimizə müdaxilədir:
“Hər bir ölkə öz daxili həyatını, öz tarixini, mədəniyyətini və inkişaf strategiyasını nəzərə alaraq qurur. Azərbaycan demokratik, hüquqi dövlətdir. Dünyəvilik bizim üçün əsas şərtdir. Bununla belə, vicdan azadlığı qanunla təsdiq edilib və yüksək səviyyədə qorunur. İslami dəyərlər bizim üçün vacibdir. Ancaq orta təhsil dünyəvilik prinsipini tələb edir. Azərbaycan da bu prinsiplə hərəkət edir. İranlı nazirin azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi yolverilməzdir. Hesab edirəm ki, onlar bunun fərqinə varacaqlar və bir daha Azərbaycana qarşı belə bəyanatlar verməyəcəklər. Bizim öz gənclərimizi oxutmaq üçün kifayət qədər imkanlarımız və şəraitimiz var. Bu baxımdan hər hansı problemimiz yoxdur. Təəssüf edirəm ki, qonşu ölkənin nümayəndələri vaxtaşırı Azərbaycanla bağlı qəbuledilməz bəyanatlar verirlər”.
