İlahiyyatçıdan “Çevik”in döyülməsi ilə bağlı AÇIQLAMA
Hadisə bir sıra sualları da ortaya çıxarır: İslam dinində insanın dini inanclarına və ya inancsızlığına münasibət necə olmalıdır?
Bir şəxsin ateist mövqeyi onun fiziki təzyiqə məruz qalmasına əsas verə bilərmi?
Dinlə bağlı sərt və cəmiyyətdə narazılıq doğuran fikirlərə qarşı dindar insanın davranışı necə olmalıdır?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran ilahiyyatçı Fazil Əhməd bildirib ki, bu şəxsi tanıyır. "Aramızda WhatsApp yazışmaları da var. Çünki biz iki dəfə Məqsəd Bağırovla studiya şəraitində debatlar təşkil etmişik. Çox dinc və maraqlı debatlar olub. Lakin bəzi məsələlər var. Onun biri budur ki, Məqsəd Bağırov müharibə veteranıdır. Mən özümdə ikinci qrup hərbi əliləm və xüsusi tapşığı yerinə yetirərkən zədələnmişəm. Amma nə mənim, nə onun vətən qarşısında xidmətimiz icazə verməməlidir ki, biz insanların müqəddəslərini məsxərə obyekti edək və milli-mənəvi dəyərlərimizi məsxərə obyektinə çevirək", — deyə ilahiyyatçı əlavə edib.
"Bu baxımdan Məqsəd Bağırovun fəaliyyətini həmişə tənqid etmişəm və özünə də bildirmişəm. Çünki onun fəaliyyətində elə nöqsanlar olub ki, bunlar video şəkildə də qeydə alınıbdır. Məsələn, bizim bayrağımızın bir rəngi yaşıldır, həmin yaşıl rəngin bir göstəricisi bizim Həzrət Peyğəmbərimiz Məhməd Əleyhissəlamdır. Onun Məhməd peyğəmbəri dəfələrlə təhqir etməsinin şahidi olmuşuq. "Allah yoxdur" yazıb təbliğ etmək, dinimizin müxtəlif sahələrini, Qurani Kərimin ayələrini məsxərəyə çevirmək milli-mənəvi dəyərlərimizi, şəhidliyi kölgə altına almaqdır", — deyə ilahiyyatçı vurğulayıb.
Fazil Əhməd onu da açıqlayıb ki, Azərbaycan dövləti tərəfindən ölkəmizin müxtəlif yerlərində tikilən ən tanımış məscidlərdə, istər Qarabağ topaqlarında, istərsə də digər yerlərdə olan məscidlərdə Allah kəlməsi ən uca yerdə yazılır. Bu dövlətin tapşırığı və bilavasitə dövlət başçısının tapşırığı ilə o məscidlər inşa edilir, layihələndirilir. Ölkə başçısı gəlib açılışda iştirak edir.
İnsanların psixologiyasının eyni olmadığını deyən ilahiyyatçı vurğulayıb:
"Bəzi insanlar buna dinc yanaşır, öz tənqidini bildirir və ona tövsiyələrini edir, məsələtlərini verir. Amma elə insanlar da var ki, ola bilər peyğəmbəri çox sevdiyi üçün onun psixologiyası bu fikirlərə icazə vermir və sakit yanaşa bilmir. Nəticədə, bir-birinə fiziki zorakılıq göstərməsinə, aqressiyaya səbəb olur.
"İnsanların fərqli əqidələrinə görə fiziki zorakılıq göstərilməsinin əleyhinəyəm. Özüm dəfələrlə bunun qarşısına almışam və hətta öz əqidəmdə olan insanları tənqid etmişəm. Bəzən elə olub ki, mənə yaxın olan insan olduğu üçün hətta sərt tənqid etmişəm".
İlahiyyatçının fikrincə, bilmək lazımdır ki, Azərbaycanda qanunlara görə insanlar arasında radikal fikirlər ortaya qoymaqla qarşıdurma yaratmaq qanunlara ziddir. Biz görürük ki, onun fəaliyyətində bu hallar var. Və bu hallar doğru olaraq cəmiyyət tərəfindən tənqid olunur. Çünki insanların hissiyatına təsir edən düşüncələr səsləndirir. Və bu, cəmiyyətdə aqressiya yaradır.
İlahiyyatçı onu da deyib ki, Məqsəd Bağırovun sonuncu dəfə döyülməsinin səbəbini biz hələ tam bilmirik. Mən "Allah yoxdur" deyən birinə qarşı fiziki güc göstərilməsinin əleyhinəyəm. Və inanmıram ki, bu hadisə Məqsəd Bağırovun canlıda ifadə etdiyi fikirlərə görə baş versin. Bunu dəqiq bilirəm. Çünki səbəb bu olsaydı, insanı evindən kənara çağırıb dərhal onun üzərinə hücum edərdilər. Amma onların arasında söhbət olub, o söhbətdən sonra bu hadisə baş verib. Bu onun göstəricisidir ki, onların arasında olan söhbət-mübahisə çox ciddi olub və ola bilər ki, Məqsəd Bağırov elə bir söz işlədib ki, qarşı tərəf ona hücum edib.
"Biz hələ motivi bilmirik, rəsmi açıqlama yoxdur. Hüquqşünasın da dediyi sözlərdə ziddiyyətlər var. Eyni zamanda bildirməliyəm ki, radikal düşüncələr insanlar arasında qarşıdurmaya səbəb olur və dövlət orqanları çalışmalıdırlar ki, radikal düşüncəli istər dindar olsun, istər qeyri dindar olsun, insanların canlı açıb radikal fikirlərini bu şəkildə paylaşması, qanun tərəfindən mütləq qarşısı alınmalıdır. Bizim dövlətimiz hüquqi dövlətdir", — deyə ilahiyyatçı sonda yekunlaşdırıb.
Dəniz Pənahova Median.Az
