Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA
Lakin maaş artımı ilə bağlı əsas sual yalnız “həkim nə qədər çox maaş alacaq?” deyil. Vətəndaş üçün daha vacib olan məsələ bu dəyişikliklərin xəstəxanada göstərilən xidmətə necə yansıyacağıdır. Daha yüksək əməkhaqqı həkimlərin işinə, pasiyentlə münasibətinə, növbələrin və qəbul prosesinin təşkilinə təsir göstərəcəkmi? Ən çox müzakirə olunan məsələlərdən biri isə icbari tibbi sığorta çərçivəsində qarşılanan müalicə və əməliyyatlar zamanı pasiyentdən əlavə ödəniş tələb olunması hallarının qarşısının alınmasıdır.Yeni sistemdə əməkhaqqının fəaliyyət göstəriciləri ilə əlaqələndirilməsi bu kimi hallara nəzarət üçün əlavə mexanizmə çevrilə bilərmi? Başqa sözlə, dövlət həkimlərin əməkhaqqını artırmaqla yanaşı, vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətinə və şəffaflığına dair hansı təminatları yaradır?

Mövzu ilə bağlı Median.Az-a danışan tibb üzrə ekspert Adil Qeybulla açıqlayıb ki, biz həmişə əmək haqqının artırılmasını, müxtəlif kommunal-sosial güzəştləri dəyərləndirmişik. Bu, bütövlükdə müsbət addımdır.
Adil Qeybullanın sözlərinə görə, məsələnin mahiyyətinə gəldikdə, TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrindən söhbət gedir. Axı, Azərbaycanda tibb müəssisələri təkcə TƏBİB-in tabeliyində deyil. Səhiyyə Nazirliyinin tabeliyində kifayət qədər mühüm strukturlar var."Elmi tədqiqat institutlarında yüksək mütəxəssislər, alimlər çalışır. Məhkəmə Tibbi Ekspertiza, Sanitariya qurumları və s. var, — deyə Adil Qeybulla qeyd edib.
Mütəxəssis hesab edir ki, həkimlərin maaşlarının artırılması ümumi bir prinsip olmalıdır. Bu, çox vacibdir. İstər İcbari Tibbi Sığorta çərçivəsində, istərsə də xalqa xidmət edən digər dövlət xəstəxanalarında, məsələn, Ankologiya klinikasında, Agciyər İnstitutunda və s. çalışan həkimlər də nəzərdə tutulmalıdır.
Adil Qeybulla sonda əlavə edib ki, həkimlərin Azərbaycanda qalıb işləməsi üçün onların sosial müdafiəsinin gücləndirilməsi vacibdir. Belə olan halda ölkədən gedən həkim axınının sayı azalar. Eyni zamanda xaricdə yüksək təcrübə toplamış həkimlər yenə öz ölkəsinə qayıda bilməlidir. İstərdim ki, bu addım bütün tibb strukturlarını əhatə etsin. Bu zaman səhiyyə bir sistem kimi olacaq.
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən tibb üzrə ekspert Rasif Bağırov isə deyib:
"Bu maaş artımının əsasən xaricə işləməyə gedən həkimlər üçün təsiri olacaq. Onlar öz ölkəmizdə qalıb işləməyə üstünlük verəcəklər. Bu istiqamətdə müəyyən motivasiyalar olacaq. Eyni zamanda rayon yerlərindən şəhərə gəlib iş axtaranlar artıq öz bölgələrində motivasiya ilə çalışa biləcək. Bu istiqamətdə müsbət proseslər olacaq".Rasif Bağırov onu da vurğulayıb ki, həkim-xəstə münasibətlərində, xəstələrə xidmət məsələsində həkimlərin məsuliyyəti artdığına görə xəstələrə qarşı münasibət də dəyişəcək. Tibbi xidmət yaxşılaşacaq amma xidmətin keyfiyyəti məsələsində isə elə bir dəyişiklik baş verməyəcək.
"Çünki həkimin əslində xəstəyə göstərdiyi xidməti keyfiyyət onun savadından və pasiyentə qoyduğu düzgün diaqnoz və etdiyi yardımdan çox şey asılıdır. Bu gün nə formada idisə, yenə o cür olacaq. Çünki qiymətin artırılması həkimin savadına təsir göstərməyəcək. Bu, həkimlərin özlərindən asılıdır", — deyə mütəxəssis əlavə edib.
Ekspert onu da bildirib ki, hökümət tərəfindən həkimlərin savadının artırılması üçün müəyyən tədbirlər görülə bilər. Bu, yəqin ki, sonrakı mərhələdə özünü göstərəcək. Eyni zamanda bu, polikilinkalarda növbələrə də təsir etməyəcək. Orada növbələrin aradan qaldırılması işin təşkili ilə bağlıdır. Bunun maaşla heç bir əlaqəsi yoxdur. Amma əməkhaqqının fəaliyyət göstəriciləri ilə əlaqələndirilməsi məsələsində hər zaman proses olub. Əsas məsələ isə xidmətin səviyyəsini yüksəltmək istəyiriksə, həkimi kağız yazmaqdan uzaqlaşdırıb xəstə ilə məşğul olmasına şərait yaratmaq lazımdır. Nə qədər ki, bu yaradılmayıb xidmət və keyfiyyətdən danışmaq çətin məsələdir.
Dəniz Pənahova
Median.Az
