Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər
Hər il olduğu kimi, yeni tədris ilinin başlamasına 15-20 gün qalmış kirayə mənzillərə tələbatın yüksələcəyi proqnozlaşdırılır. Tələbin artması isə ilk növbədə münasib qiymətə mənzil tapmaq istəyən tələbələri və onların ailələrini düşündürür. Hazırda Bakının müxtəlif ərazilərində kirayə mənzillərin qiymətləri fərqlənsə də, sentyabr ayında bazarda vəziyyətin necə dəyişəcəyi maraq doğurur.
Bəs tələbələrin paytaxta axını kirayə mənzillərin qiymətlərinə təsir edəcəkmi?
Məsələ ilə bağlı daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Median.Az-a bildirib ki, hər il avqustun ikinci yarısından etibarən regionlardan Bakıya gələn tələbələr üçün kirayə mənzil problemi yenidən gündəmə gəlir:
“Bu problem əsasən Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində müşahidə olunur. Bu baxımdan Bakı ilk sıradadır. Çünki paytaxtda həm yüksək urbanizasiya, həm regionlardan əhali axını, həm də tələbələrin sayının çoxluğu kirayə mənzillərə tələbi artırır. Avqustun 15-20-dən sentyabrın sonlarına qədər bazarda kirayə mənzillərə tələbat kəskin yüksəlir. Buna səbəb isə təklifin məhdud, tələbələrin sayının isə çox olmasıdır. Son illərdə kirayə qiymətlərinin artmasının əsas səbəblərindən biri də köhnə yaşayış fondunun tədricən bazardan çıxmasıdır. Sökülən binalardakı mənzillərin böyük hissəsi daha ucuz kateqoriyaya aid olduğundan onların yerində inşa edilən yeni tikililərdə qiymətlər daha yüksək olur. Nəticədə bazarda həm ucuz mənzil fondu azalır, həm də kirayə qiymətləri yüksəlir”.
Ekspert qeyd edib ki, tələbə yataqxanalarının kifayət qədər olmaması da problemin əsas səbəblərindəndir:
“Mövcud yataqxanaların tələbələrin yalnız təxminən 5-10 faizini yerləşdirə bildiyi bildirilir. Yataqxanaların bir qisminin isə ötən əsrin 60-70-ci illərində inşa edilməsi onların müasir tələblərə cavab verməsi ilə bağlı suallar yaradır. Problemin həlli üçün universitetlərin ərazilərində yeni yataqxanaların tikilməsi, köhnə yataqxanaların isə sökülərək yerində müasir və daha tutumlu binaların inşa olunması vacibdir”.
O qeyd edib ki, tələbə yataqxanalarına investisiya qoyuluşu da xarici investorlar üçün kifayət qədər cəlbedici deyil:
“Çünki bu sahəyə yatırılan investisiyanın geri dönüş müddəti təxminən 20-25 il təşkil edir. Tikinti şirkətlərinin bazarda aktivləşməsi və yeni daşınmaz əmlak fondunun artması gələcəkdə həm satış, həm də kirayə qiymətlərinin sabitləşməsinə səbəb ola bilər. Lakin onun sözlərinə görə, yaxın illərdə bu istiqamətdə ciddi qiymət stabilləşməsi gözlənilmir”.
Aysel Elnur
