Mojo.az Banner
15:26 Azərbaycanda ortaaylıq əməkhaqqı 7%-dən çox artıb  |     15:25 Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ  |     14:19 İcbari tibbi sığorta ilə bağlı YENİLİK  |     14:17 Türk heykəltəraş: "Azərbaycanlı uşaqlarda yaradıcılığın ən saf halını gördüm" (FOTO)  |     14:11 Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır  |     13:03 İsti havada günvurma, yoxsa insult? - Həkim iki halı fərqləndirməyin yolunu açıqladı  |     13:00 Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA  |     12:33 Ələt AİZ-də bəzi müəssisələrə GÖMRÜK GÜZƏŞTİ EDİLƏCƏK  |     12:21 Yaponiyada imperator ailəsinin statusu və varislik qaydaları dəyişdirilir  |     11:58 Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı layihə qəbul edildi  |     11:56 Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir  |     11:55 "Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu - FOTO  |     11:47 Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı - ANBAAN GÖRÜNTÜLƏR (Video)  |     11:25 İran Trampa qarşı sui-qəsd planı hazırlayır?  |     11:19 Zelenskinin Azərbaycana səfəri zamanı imzalanmış sənəd ratifikasiya edildi  |     11:13 Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     22:01 Bakıda gənclərin üzərinə ağac aşdı - Video  |     21:55 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı  |     21:48 Müdafiə Nazirliyindən hərbçilərin yaxınlarına MÜRACİƏT  |     20:58 İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına "stop" qoyuldu  |    
Left Banner
Right Banner

Türk heykəltəraş: "Azərbaycanlı uşaqlarda yaradıcılığın ən saf halını gördüm" (FOTO)

10.07.2026 14:17 432
Türk heykəltəraş:
Türkiyəli rəssam və heykəltəraş Səda Yaman sənətdə fərqli materiallardan istifadə etməsi və eksperimental yanaşması ilə seçilir. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsini bitirən sənətçi uzun illər fotojurnalist kimi çalışsa da, yaradıcılığını heç vaxt dayandırmayıb. Keramika heykəlləri, metal və ağac kimi müxtəlif materiallarla işləyən Səda Yaman üçün sənət ilk növbədə kəşf və təəccüb hissidir. O, bu yaxınlarda 248 nömrəli məktəbin müəllimi Mətanət Həsənova ilə birlikdə Azərbaycanda uşaqların iştirakıyla maraqlı yaradıcılıq eksperimenti həyata keçirərək onların təxəyyülünü və dünyagörüşünü sənət vasitəsilə araşdırıblar.

Sənətə olan baxışı, uşaqlarla işləmək təcrübəsi və yaradıcılıq fəlsəfəsi barədə Median.az Səda Yamanla müsahibəni təqdim edir:

— Uşaqlıqda daşları yonaraq kiçik fiqurlar hazırlamağınız bu günkü yaradıcılığınıza necə təsir edib?

— Uşaqlıqda əlimə keçən daş parçalarını kiçik fiqurlara çevirirdim. O vaxt bunun incəsənət olduğunu bilmirdim. Sadəcə, materialın daxilində gizlənən potensialı üzə çıxarmağa çalışırdım. Düşünürəm ki, bu gün də etdiyim iş mahiyyət etibarilə dəyişməyib. Mənim üçün heykəltəraşlıq hansısa ideyanı materiala zorla qəbul etdirmək deyil. Əksinə, materialın xarakterini dinləyərək, onunla birlikdə yeni bir forma yaratmaqdır.

Uşaqlıqdan materialla qurduğum bu fiziki təmas bu gün yaradıcılığımın əsasını təşkil edir. Maraq hissim isə heç vaxt dəyişməyib. Sadəcə, vaxtilə istifadə etdiyim daşların yerini zaman keçdikcə keramika, ağac, paslanmayan polad və müxtəlif sənaye materialları tutub.

— Jurnalistika və konsert fotoqrafiyasından heykəltəraşlığa keçid sizin üçün nə dərəcədə çətin və ya asan oldu?

— Əslində, bunu bir sahədən digərinə keçid kimi görmürəm. Mənim əsas fəaliyyət sahəm hər zaman heykəltəraşlıq olub. Jurnalistika isə təbiətimdə olan araşdırma və maraq hissi ilə üst-üstə düşürdü. Eyni zamanda, hadisələrə və insanlara fərqli prizmadan baxmağı öyrətdi. Konsert fotoqrafiyası mənə saniyələr içində dəyişən anı tutmağı öyrətdisə, heykəltəraşlıq zamanı yavaşıdaraq onun üzərində düşünməyi öyrətdi.

Fotoqrafiya ikiölçülü səthdə bir anı dondurur, heykəltəraşlıq isə məkanın ayrılmaz hissəsinə çevrilərək tamaşaçını onun ətrafında dolaşmağa və əsəri müxtəlif rakurslardan kəşf etməyə dəvət edir. Deyə bilərəm ki, biri mənə baxmağı, digəri isə görməyi öyrədib.

Jurnalistika dövründə həyatın özünü izləyirdim, bu gün isə həmin həyat hekayələrini materialın dili ilə danışmağa çalışıram.

— Azərbaycanda uşaqlarla keçirdiyiniz eksperimentin əsas məqsədi nə idi?

— Məqsədim uşaqlara necə rəsm çəkməyi öyrətmək deyildi. Məni daha çox maraqlandıran onların böyüklərin yönləndirməsi olmadan dünyanı necə qavradıqlarını görmək idi.

Onlara nə doğru, nə də yanlış cavablar verdim. Xəyal güclərini məhdudlaşdıra biləcək heç bir nümunə göstərmədim. Çünki yaradıcılıq əksər hallarda doğru cavabı bilməkdən yox, hələ verilməmiş sualları vermək bacarığından yaranır.

Bu layihə mənim üçün eyni zamanda insanın yaradıcı düşüncəsinin mədəniyyətlərdən asılı olmayaraq ortaq cəhətlərini müşahidə etdiyim kiçik bir araşdırma idi.

— Azərbaycanlı uşaqların yaradıcılığında sizi ən çox təəccübləndirən məqam nə oldu?

— Böyüklər adətən etdikləri işin doğru olub-olmadığını düşünürlər. Uşaqlar isə əvvəl yaradır, sonra onun mənasını kəşf edirlər.

Mən bunu azərbaycanlı uşaqlarda da müşahidə etdim. Düşünürəm ki, yaradıcılığın ən saf halı məhz budur.

— Sizcə, uşaqlara sənəti öyrətməkdən daha vacibi onların sərbəst yaratmasına imkan verməkdirmi?

— Xeyr. Məncə, incəsənət təhsilinin əsas məqsədi insanın özünü sərbəst şəkildə ifadə edə və kəşf edə biləcəyi təhlükəsiz bir mühit yaratmaqdır. Hər kəs sənətkar olmaq məcburiyyətində deyil. Ancaq incəsənətlə hər hansı formada təmasda olmaq – yaratmaq, maraqlanmaq və ya şüurlu sənət izləyicisinə çevrilmək – insana çox şey qazandırır. Çünki incəsənət təkcə estetik bacarıq deyil; o, müşahidə aparmağı, sual verməyi, fərqli baxış bucaqları formalaşdırmağı və yaradıcılığı inkişaf etdirməyi öyrədir.

Texniki biliklər əlbəttə ki, öyrənilə bilər. Ancaq xəyal gücü qorunmalı olan daha həssas bir dəyərdir.

Əgər bir uşağın "səhv edə bilərəm" qorxusunu aradan qaldıra bilsəniz, o artıq cəhd etməyə başlayacaq. Mən müəllimin rolunu bilik ötürən birindən daha çox, maraq hissini yaşadan və təşviq edən insan kimi görürəm.

— Darüşşafakada müəllimlik təcrübəniz uşaqlarla işləməyinizə hansı üstünlükləri qazandırdı?

— Darüşşafaqadakı fəaliyyətim mənə göstərdi ki, hər uşaq eyni üsulla öyrənmir.

Şagirdlərimlə keramika emalatxanası apararkən təkcə texniki bacarıqları öyrətmək deyil, həm də uşaqların nə qədər fərqli düşündüklərini müşahidə etmək imkanı qazandım.

— Seth Godinin "Mükəmməl edən yaxşı iş deyil, fərqlilikdir" fikrini tez-tez vurğulayırsınız. Sizcə, bugünkü sənətdə fərqli olmaq niyə bu qədər vacibdir?

— Çünki bu gün texniki bacarıq artıq təkbaşına fərqləndirici amil deyil.

Artıq hər kəs eyni alətlərdən istifadə edə, informasiyaya asanlıqla çıxış əldə edə bilir. Belə bir dövrdə sənətçini fərqləndirən onun qüsursuz əsər yaratması yox, dünyaya necə baxmasıdır.

Fərqli olmaq sadəcə diqqət çəkmək üçün qeyri-adi davranmaq demək deyil. Əsl fərqlilik insanın öz suallarını verə bilməsindən yaranır.

İncəsənət tarixi də bir-birini təkrarlayanların deyil, yeni baxış bucağı ortaya qoyanların hesabına formalaşıb.

— Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə əl əməyinin və heykəltəraşlığın gələcəyini necə görürsünüz?

— Süni intellekt istehsal üsullarımızı dəyişəcək, buna heç bir şübhə yoxdur. Amma heykəltəraşlıq yalnız ortaya çıxan əsərdən ibarət deyil.

Bir heykəlin yaranma prosesinə sərf olunan vaxt, materialla mübarizə, edilən səhvlər, fiziki əmək və qərarvermə prosesi də əsərin ayrılmaz hissəsidir.

İnsan əli qüsursuz deyil. Məhz elə buna görə də o, bənzərsizdir.

Mən süni intellekti rəqib kimi görmürəm. Onu dəstəkləyən, yeni imkanlar açan və ilham verən bir vasitə hesab edirəm. Ancaq texnologiya nə qədər inkişaf etsə də, insanın toxunmaq ehtiyacının və real materialla qurduğu canlı əlaqənin aradan qalxacağına inanmıram.

— Azərbaycanda həyata keçirdiyiniz layihənin davamını planlaşdırırsınızmı?

— Bəli. İstərdim ki, bu layihə təkcə bir dəfə keçirilən təşəbbüs kimi qalmasın.

Gələcəkdə müxtəlif şəhərlərdə və fərqli yaş qrupları ilə oxşar yaradıcılıq layihələri həyata keçirmək istəyirəm. Çünki bu cür təşəbbüslər təkcə uşaqların xəyal gücünü deyil, həm də böyüklərin yaradıcılıqla bağlı stereotiplərini və ön mühakimələrini üzə çıxarır.

Arzu edirəm ki, Azərbaycanda başladığımız bu yaradıcı dialoq gələcəkdə daha genişmiqyaslı emalatxanalara, layihələrə və araşdırmalara çevrilsin.

— Gənc rəssamlara və sənət yoluna yeni başlayan uşaqlara ən vacib tövsiyəniz nə olardı?

— Özünüzü başqaları ilə müqayisə edərək deyil, öz marağınızın ardınca gedərək yaradın.

Texniki bacarıqlarınızı daim inkişaf etdirin, amma texnikanın sizi idarə etməsinə imkan verməyin.

Səhv etməkdən qorxmayın. Çünki çox vaxt yeni ideyalar planlaşdırılmış uğurdan deyil, gözlənilməz səhvlərdən doğur. Bəzən insan yanlış etdiyini düşündüyü bir iş vasitəsilə daxilindəki istedadı və yaradıcı potensialı üzə çıxarır.

Və ən əsası, fərqli materiallarla işləməkdən çəkinməyin. Material sadəcə bir vasitə deyil, bəzən heç ağlınıza gəlməyən ideyaları sizə məhz o bəxş edir. İncəsənətin ən həyəcanverici tərəfi də budur: hər yeni material insana dünyaya başqa gözlə baxmağı öyrədir.



















Söhbətləşdi:
Dəniz Pənahova
скачать dle 11.3
Mojo.az Banner