"Aylarla hazırlaşdım, qeydiyyatdan keçə bilmədim" – DİM ətrafında narazılıq artır
Median.Az-a şikayət ünvanlayan vətəndaş Sahilə Arifqızının sözlərinə görə, ilk qeydiyyat mərhələsi iyunun 11-də keçirilib və imtahanda iştirak üçün 760 yer ayrılıb. Qeydiyyatın saat 11:00-da başladığını bildirən vətəndaş qeyd edib ki, sistemə dərhal daxil olmasına baxmayaraq, qısa müddət sonra platformada problem yaranıb.
O, bildirib ki, qeydiyyata müraciət edən namizədlərin olduğu qruplarda da çoxsaylı şəxslər sistemin işləmədiyini yazıblar. Şikayətçi qeyd edir ki, həmin vaxt qeydiyyatdan keçə bilən şəxslərin bunu hansı qaydada həyata keçirdiyi də istifadəçilər üçün aydın olmayıb.
Vətəndaş qeyd edib ki, yaranmış problemlərdən sonra qeydiyyat prosesi dayandırılıb və yenidən iyunun 16-na təyin olunub. Bu mərhələdə isə cəmi 200 nəfərin qeydiyyatdan keçə bildiyini vurğulayıb.
Sahilə Arifqızı deyir ki, iyunun 16-da da sistemə daxil olduqdan bir neçə dəqiqə sonra platforma yenidən əlçatmaz olub. Nəticədə o, imtahanda iştirak üçün qeydiyyatdan keçə bilməyib.
Şikayətçi uşaqlı ana olduğunu vurğulayaraq, imtahana hazırlaşmaq üçün uzun müddət vaxt və əmək sərf etdiyini bildirib:
"Aylarla hazırlaşmışam. İndi isə qeydiyyatdan keçə bilmədiyim üçün sentyabr ayını gözləməli və yenidən hazırlaşmalıyam."
Vətəndaş həmçinin iddia edir ki, Dövlət İmtahan Mərkəzinin müxtəlif imtahan və xidmətləri üzrə elektron qeydiyyat proseslərində vaxtaşırı texniki nasazlıqlarla üzləşirlər.
Problemlə bağlı daxili araşdırma aparılıbmı?
İyunun 16-da təkrar qeydiyyat zamanı niyə yenidən oxşar problemlər yaşanıb?
Sentyabrda nəzərdə tutulan imtahan zamanı belə problemlərin aradan qaldırılması üçün tədbirlər görülürmü?
Məsələ ilə bağlı DİM-in mətbuat katibi Median.Az-ın suallarını cavablandırıb:
"Müraciət çox olub deyə, yer tez dolub. Ona görə də DİM əlavə imtahanın keçirilməsi barədə qərar qəbul edib. Sistemdə çökmə olmayıb. Burada əsas məsələ yer məhdudiyyəti ilə bağlıdır.
Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə növbəti test imtahanı keçiriləcək. Sentyabra qədər gözləməyə ehtiyac yoxdur, iyulun 5-i üçün qeydiyyatdan keçə bilər. Hətta avqustun 2-də də imtahan var".
Median.Az-a açıqlama verən tarixçi, təhsil üzrə ekspert Şəmsi Qoca bildirib:

"Aylarla gecəsini gündüzünə qatıb, uşaqlı ana ola-ola dövlət qulluğu imtahanına hazırlaşan bir vətəndaşın bu vəziyyətdə göstərdiyi reaksiya və irəli sürdüyü şübhələr tamamilə anlaşılandır və əsaslıdır".
Şəmsi Qocanın sözlərinə görə, DİM-in "sistem çökməyib" bəyanatı ilə vətəndaşların "sistem işləmirdi" iddiası əslində eyni texniki problemin fərqli ifadəsidir. İT sahəsində həddindən artıq yüklənmə adlanan bu vəziyyətdə sistem tamamilə sönmür, sadəcə donur və eyni saniyədə müraciət edən minlərlə nəfərdən internet sürəti bəxt mənada daha yüksək olan ilk 200 nəfərin sorğusunu qəbul edir, qalan hamı üçün isə platforma əlçatmaz olur. Şəffaf idarəetmə prinsipləri tam qorunmadıqda və qeydiyyat saniyələr içində qapanıb kimlərin keçdiyi bilinmədikdə, cəmiyyətdə "yerlər bəri başdan kimlərsə üçün ayrılıb" şübhəsinin yaranması qaçılmazdır.
Vətəndaş xidmət ala bilmirsə, bu onun nəzərində sistemin çökməsidir və burada o tamamilə haqlıdır.
"Bununla belə, yaşanan kütləvi narazılıq və daxil olan şikayətlər görünür qurumu hərəkətə keçməyə məcbur edib. DİM rəsmisi texniki nasazlığı açıq etiraf etməsə də, operativ şəkildə iyulun 5-nə və avqustun 2-nə əlavə imtahan tarixləri təyin edildiyini bildirib. Bu o deməkdir ki, Sahilə xanımın və digər namizədlərin ruhdan düşməyinə, sentyabr ayını gözləyib vaxt itirməyinə ehtiyac yoxdur. Hazırda sistemin açıq olması və bəzi yerlərin əlverişsiz görünməsi ehtimalına gəlincə, dövlət qulluğu imtahanları mərkəzləşdirilmiş kompüter bazasında keçirildiyi üçün əsas məsələ imtahanın hansı binada verilməsi yox, sadəcə iştirak edib sertifikatı qazanmaqdır", — deyə mütəxəssis əlavə edib.
Şəmsi Qoca sonda vurğulayıb ki, ona görə də müraciət edən vətəndaşlara bildirmək lazımdır ki, DİM-in elektron infrastrukturunun bu cür kütləvi yüklənmələrə tab gətirməməsi qurumun ciddi texniki çatışmazlığıdır və medianın da borcu bu məsələni daim gündəmdə saxlamaqdır. Lakin mövcud şəraitdə namizədlərə ən böyük kömək, onlara təqvimdə yaranan bu yeni fürsətləri xatırlatmaqdır. Ruhdan düşmədən, yer fərqinə baxmayaraq hazırda açıq olan qeydiyyatdan keçsinlər və sentyabrı gözləmədən iyul və ya avqust imtahanlarında öz şanslarını sınasınlar".
Dəniz Pənahova
Median.Az
