Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə qoyun əti istehsalı artırılacaq

12.06.2026 19:25 372
Ölkədə qoyun əti istehsalı artırılacaq
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də heyvandarlıqdır. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, 2030-cu ilə qədər süd istehsalının 11 faiz, mal əti istehsalının 21 faiz artırılması hədəflənir.

“Cins heyvanların sürüdə payının 5,6 dəfə artırılması nəzərdə tutulur. Süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd qoyulur. Özünütəminetmə səviyyəsində də süd üzrə 8,5 faiz, mal əti üzrə 11,5 faiz artım nəzərdə tutulur. Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur. Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda, tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir”, - deyə nazir müavini əlavə edib.

İlhamə Qədimova bildirib ki, iribuynuzlu bütün heyvanların identifikasiyasının aparılması da mühüm tədbirdir. Heyvanların identifikasiyası xəstəliklərə nəzarət, damazlıq işinin təşkili, məhsuldarlığın izlənməsi və subsidiyaların şəffaf tətbiqi baxımından vacibdir: “Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması bu sahədə əsas şərtlərdən biridir. Heyvandarlıqda məhsuldarlıq yalnız heyvanın cinsindən asılı deyil. Yem bazası zəifdirsə, ən yaxşı cins heyvandan da yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görə də yemçilik, su təminatı, baytarlıq xidməti və təsərrüfat idarəçiliyi birlikdə inkişaf etməlidir. Bu sahədə damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu dəstəklər fermerləri daha məhsuldar heyvanlara keçməyə, süd və ət istehsalını artırmağa, təsərrüfatlarını daha intensiv modelə keçirməyə təşviq edəcək”.

Qoyunçuluq sektorunun proqramda xüsusi yer tutduğunu deyən nazir müavini bildirib ki, 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, ixracın 2,9 min tona çatdırılması və özünütəminetmə səviyyəsinin 7 faiz artırılması nəzərdə tutulur.

“Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir. Eyni zamanda 10 yun toplama məntəqəsi və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu, qoyunçuluqda əlavə dəyərin formalaşdırılması baxımından çox vacibdir. Biz yalnız ət istehsalını deyil, yun, dəri və digər yan məhsulların da iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməliyik. Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması qoyunçuluq üçün də əsas məsələdir.

Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün zəruridir. Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür”, - deyə nazir müavini qeyd edib.

İlhamə Qədimova onu da vurğulayıb ki, heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi də nəzərdə tutulur: “Bu, xüsusilə yaylaq-qışlaq sistemi, yarımintensiv təsərrüfatlar və su çatışmazlığı olan ərazilər üçün mühüm dəstəkdir. Qoyunçuluq sahəsində xarici investisiyaların cəlb edilməsi üçün aqroparkın yaradılması da nəzərdə tutulur. Bu, sektorun müasir idarəetmə, texnologiya və bazar imkanları ilə inkişafına töhfə verə bilər. Bu Dövlət Proqramının uğurlu icrası üçün bütün tərəflərin üzərinə ciddi vəzifələr düşür. Sahibkarlar və özəl sektor da bu prosesdə daha fəal olmalıdır. 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Regionun torpaq, su, insan kapitalı və istehsal ənənələri böyük potensial yaradır. Əsas məsələ bu potensialı düzgün təşkilatçılıq, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyası ilə real nəticəyə çevirməkdir. Qeyd edilən istiqamətlərdə birgə fəaliyyətimizin əhəmiyyəti yüksəkdir və Kənd Təsərrüfatı Nazirliyi olaraq mütəmadi olaraq tərəflərlə görüşlərimiz, məlumat mübadiləmiz, problemlərin həlli istiqamətində tədbirlərimiz davam edəcək”.

Son xəbərlər