Mojo.az Banner
23:02 Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu  |     22:54 Epşteyn ölümündən əvvəl məktub yazıbmış  |     22:49 Sabah Bakıda 20 dərəcə isti olacaq  |     22:42 İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər  |     22:37 Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü  |     22:30 Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA  |     22:25 Məktəblərdə 6 şagirdə 1 kompüter düşür  |     22:16 Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video  |     22:11 Göygöldə qanunsuz tikili söküldü  |     22:03 Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama  |     21:55 Kəlbəcərdə qonur ayı görüntüləndi  |     21:50 Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)  |     21:46 Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - DİN-dən açıqlama  |     21:40 "Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələndi  |     21:35 Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:26 Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir  |     21:18 Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib  |     21:16 Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb  |     20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |    
Left Banner
Right Banner

Müasir yazıçılar dərsliklərdən kənarda qalır: səbəb nədir? – Sevinc Elsevərdən ŞƏRH

29.04.2026 19:29 372
Müasir yazıçılar dərsliklərdən kənarda qalır: səbəb nədir? – Sevinc Elsevərdən ŞƏRH
Fərqli dövrlərdə bir çox yazıçıların əsərləri dərsliklərə daxil edilərək təhsil prosesinin bir hissəsinə çevrilib. Onların yaradıcılığı uzun illərdir məktəb proqramlarında öz əksini tapır. Xüsusilə müstəqillikdən sonrakı dövrdə çağdaş Azərbaycan ədəbiyyatında öz imzasını təsdiqləmiş bir sıra qələm sahibləri formalaşıb. Belə olan halda sual yaranır: bu müəlliflərdən hansıların əsərləri dərsliklərdə yer almalıdır? Müasir Azərbaycan ədəbiyyatının hansı nümayəndələri təhsil proqramlarına daxil edilməyə daha layiqdir?

Mövzu ilə bağlı tanınmış yazıçı Sevinc Elsevər Median.Az-a açıqlamasında deyib ki, ədəbiyyat sevgimiz dərsliklərimizin sayəsində yaranırdı. Hətta ibtidai sinif dərsliklərimizdə bütün klassiklərimizin əsərlərindən hissələr verilirdi:

“Yadımdadır ki, Nizami Gəncəvi ilə “Əlifba” dərsliyində tanış olmuşduq. Cəlil Məmmədquluzadə, C.Cabbarlı, Mir Cəlal, Ə. Məmmədxanlı, Ordubadi və onlarla yazıçılarımızın əsərlərindən hissələr verilirdi. Həmişə də əsərlərin ən maraqlı hissələri seçilirdi. Biz o hissəni oxuyub danışmaqla kifayətlənmirdik. Mütləq əsərin özünü axtarıb tapır, bütöv oxuyurduq. Həmişə mənə böyük, qalın kitabın içində həmin hissəni tapmaq maraqlı olurdu. Əsərin o hissəsinə çatmaq, yerin mantiya qatına yetişmək, gizli xəzinəni qazıb çıxartmaq kimi gəlirdi. İllüstrasiyalar da eyni hissləri verirdi. Hansısa əsərdən illüstrasiyaya vurulurdum, sonra kitabı oxuyub həmin səhnəyə çatanda dəhşətli dərəcədə həyəcanlanırdım. Bizi belə böyüdürdülər. Bu gözəl hisslərlə.

Dərsliklər məncə, o vaxtlar da müasirləri çox çap eləməkdən qaçıb. Bunun bir neçə səbəbi var. Mənə elə gəlir, burda təkcə keyfiyyət məsələsini düşünmürlər. Başqa məsələlər də nəzərə alınır. Adətən, dünyasını dəyişmiş müəllifləri çox asanlıqla dərsliklərə salırlar. Dünyasını dəyişmiş adam tam təhlükəsiz adamdır. “Səhvlər eləməyəcək” adamdır. Ondan ehtiyat etmək lazım deyil”.

S.Elsevər qeyd edib ki, dünyasını dəyişən adam qısqanclıq doğurmayan adamdır. Hətta antipatiyamız, köhnə ədavətimiz olsa da, artıq “bağışladığımız” adamdır. Ölüm – buzları əridir, bütün daş ürəkləri yumşaldır:

“Müasir uşaq ədəbiyyatı müəlliflərindən bəziləri dərsliklərə salınır. Bu məsələ ətrafında elmi dairələrdə də, mətbuatda, televiziyada da mübahisələr zaman-zaman yer alır. İddialar var ki, dərslik hazırlayanlar yaxın çevrələrindən müəlliflər seçirlər. Və ya bir müəllifi qondarma bir neçə adla eyni dərslikdə çap edirlər. Dərsliklərə düşəcək ədəbi nümunələrdən danışanda, onu demək lazımdır ki, təkcə uşaq ədəbiyyatından danışmaq lazım deyil. Yuxarı sinif şagirdləri artıq gənclər sayılır. 16+ yaşda olan gəncləri, yuxarı sinif şagirdlərini Şərif Ağayar, Seymur Baycan, Həmid Herisçi, Rafiq Tağı, Səlim Babullaoğlu, Qismət, Şəhriyar və adını çəkmədiyim onlarla müasir imzaların əsərləri ilə tanış eləmək olar. Murad Köhnəqalanın maraqlı uşaq şeirləri, “Bulud pinəçisi” kimi əsəri var.

Çox vaxt yeniyetmələr üçün əsər çatışmazlığından gileylənirlər. 12+ yaşda olan uşaqlar həyatlarının elə dönəmindədirlər ki, onlara nə mağazada paltar tapmaq olmur, nə də parka aparanda yaşlarına uyğun atraksiona mindirmək olmur. Bizim uşaqlar balaca idilər. Böyük qızım özündən balacalardan 3-6 yaş böyük idi. Onların mindiyi atraksionlara minə bilmirdi, baxa-baxa qalırdı. Balacalara paltar ala bildiyim mağazalarda ona paltar tapa bilmirdim. Böyük adamların mağazalarındakı paltarlar da yaşına, əyninə uyğun olmurdu. Uşaq ədəbiyyatı, uşaq kinosu ilə də vəziyyət eynilə belədir. Yeniyetmələrin oxuya biləcəyi ədəbiyyatı seçib dərsliklərə salmaq lazımdır”.

Yazıçının sözlərinə görə, bu günədək uşaqlar üçün dörd roman yazıb. Onlardan ikisi sırf yeniyetmələr üçün, ikisi isə aşağı yaş qrupuna aid uşaqların da oxuya biləcəyi kitablardır:

“Böyüklər üçün yazılan əsərlər arasında elələri var ki, onu uşaqlara, xüsusən yeniyetmələrə də oxutmaq olar. Sizə kiçik bir sirr açım. Uşaq ədəbiyyatı deyilən şey zatən illüziyadır. Dünya uşaq ədəbiyyatı kitabxanasının ən yaxşı əsərlərini uşaq vaxtı oxuyub yaxşı anlamamışıq. Təcrübə deyir ki, o əsərləri böyüyəndən sonra təkrar-təkrar oxumağımız vacibdir. Məsələn, “Balaca şahzadə” , “Uzuncorab Peppi”, “Qaraca qız” əsərlərini, Andersonun nağıllarını, ümumiyyətlə, xalqların nağıllarını oxuyub yüz faiz anlamamışıq. Biz qayğısız uşaqlıq dövründə o əsərlərdə macəra axtarırdıqsa, böyüyəndən sonra həmin əsərlərdə dərd də, kədər də, həyatın ağır tərəflərini də tapmışıq.

Uşaq vaxtı uzuncorab Peppinin halına acımırdım. Əksinə ona qibtə edirdim. Deyirdim nə kefdədir bu, azaddır, özbaşınadır. Dostlarını başına yığıb əylənir bəxtəvər. Heç kim qadağa qoymur. Böyüyəndən sonra Peppinin halına dəsmal götürüb ağlamağım gəlirdi ki, yazıq qız yetim qalıb. Atası da onu atıb uzaq-uzaq səfərlərə çıxır.

Uşaqlarda empati hissini artıra biləcək, bədii zövqlərini təkmilləşdirəcək əsərlərin dərsliklərə salınmasını arzulayardım.

Yadımdadır, hansı əsərlər, xüsusən şeirlər ərəb-fars mənşəli sözlərlə zəngin idi və ədəbiyyat müəllimimiz bizdən tələb edirdi ki, o əsərləri əzbərləyək, biz ədəbiyyatdan küsürdük. Gözümüzə dururdu. Amma o şeirlər, əsərlər ki, sadəcə oxumağımız, sonra təhlil, müzakirə etməyimiz üçün tapşırılırdı, əsl bayram olurdu. Dram əsərlərinin rollarını bölürdük, sinifdə səsləndirirdik. Aktyorluq etməsək də, oxuyur, anlamağa çalışırdıq. Bütün bunlar bizi tərbiyə edirdi”.

Xanım yazıçı vurğulayıb ki, müasir uşaq ədəbiyyatı nümunələrinin dərsliklərə salınmağı müəlliflərin təbliği, kitablarının satışı üçün böyük dəstəkdir. Dərslikdə verilmiş bir parçanı oxuyan, bəyənən uşaq mütləq o əsərin dalınca gedəcək, axtaracaq, kitabı alıb bütün əsəri oxumağa çalışacaq. Bu qayda elə bütün əsərlər üçün keçərlidir:

“Kitab yarmarkalarında çox iştirak edirəm. Həmin yarmarkalarda fikir verirəm ki, kitab seçimində valideynlər özlərini çox əziyyətə salmaq istəmirlər. Onlar kitablarla yerində tanış olmaqdansa, özləri kitabları incələməkdənsə, çoxdan tanıdıqları müəlliflərin, ya da xarici müəlliflərin əsərlərinə üstünlük verirlər. Müasir müəllifləri də çox vaxt dərsliklərdən tanıyırlar.

Məncə, heç olmasa, uşaq ədəbiyyatı məsələsində adil olmaq, bütün müəlliflərə ədalətli yanaşmaq, layiqli əsərləri dərsliklərə daxil etmək lazımdır. Yaxşı əsərlərin oxucularına çatmaq haqqı tanınmalıdır ki, gələcəyimiz əmin əllərdə olsun, məktəblərimizdə tərbiyəli şagirdlər oxusun, cinayətlər baş verməsin, bullinq əhvalatları olmasın. Körpələrimiz empati hissləri ilə, böyük ürəklə böyüsünlər”.скачать dle 11.3
Mojo.az Banner