Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri |
Mojo.az Avto
Mojo.az Avto

Torpaq bazarında qiymətlər necədir?

25.10.2025 20:47 729
Torpaq bazarında qiymətlər necədir?
Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır.

Artımın əsas səbəbləri nələrdir? Artım daha çox hansı bölgələrdə müşahidə edilir?

"Artım xüsusilə Abşeron yarımadası, Quba - Xaçmaz, Qəbələ, Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir”.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bildirib.

O, vurğulayıb ki, əgər 2022-ci ildə bölgələrdə bir sot torpaq sahəsinin orta qiyməti 200-300 manat civarında idisə, hazırda bu rəqəm 400-500 manat səviyyəsinə qədər yüksəlib.

"İnfrastrukturun daha yaxşı olduğu və turizm potensialı yüksək olan zonalarda isə qiymətlər 1000 manat və daha yuxarı ola bilir. Bakıətrafı qəsəbələrdə, xüsusilə Məhəmmədi, Novxanı, Masazır və Binəqədi istiqamətlərində torpaq qiymətləri bir sot üçün artıq 3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzində bölgə torpaqlarında 15-20 % civarında artım qeydə alınıb”.

G. İsmayılqızı torpaq bazarındakı qiymət artımının əsas səbəblərini də açıqlayıb:

"İnfrastrukturun yaxşılaşması, yeni yollar, kommunikasiya xətləri və sosial obyektlərin inşası ərazilərin bazar dəyərini artırır. Turizm və kənd təsərrüfatı potensialının artması - xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm bölgələrində torpaqlara tələbat çoxalıb. Elektron sənədləşmə sistemlərinin tətbiqi - qiymətləndirmə və qeydiyyat proseslərinin şəffaflaşması bazara etimadı artırır. Ərazidə miqrasiya amilləri də qiymət artımına əhəmiyyətli dərəcədə təsir göstərir.

Mütəxəssis vurğulayıb ki, hazırda bölgələrdə torpaq fondunun böyük hissəsini bələdiyyə torpaqları təşkil edir. Bu torpaqların sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində yeni mərhələ başlanıb:

"Artıq bələdiyyə torpaqları qiymətləndirmədən keçdikdən və real bazar dəyəri müəyyən olunduqdan sonra, həmin dəyər əsasında formalaşan rüsum müvafiq qurumun hesabına köçürüldükdən və ya hərracda alqı-satqı baş tutduqdan sonra sənədləşmə prosedurları başlanır.

Bu proseslərin rəqəmsallaşması nəticəsində vətəndaşlar üçün mülkiyyət hüququnun rəsmiləşdirilməsi daha şəffaf və operativ hala gəlib. Ən önəmlisi, sənədləşmə artdıqca torpaq bazarında qiymət səviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiz torpaqlar arasında orta hesabla 50 %-ə qədər qiymət fərqi müşahidə olunur. Yəni, eyni ərazidə sənədli torpaq sahəsi 10 000 manat dəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5 000 manat ətrafında bazara təklif edilir”.

Onun fikrincə, sənədləşmə prosesi yalnız hüquqi deyil, həm də iqtisadi dəyəri artıran amildir. Sənədli torpaqlara tələbat artdıqca, bölgələrdə bazar qiymətləri də paralel olaraq yüksəlir:

"Bütün bu amillər onu göstərir ki, torpaq bazarı Azərbaycanda artıq yeni mərhələyə qədəm qoyub - kağız daşıyıcıdan elektron sistemə keçid, sənədləşmə prosesinin sürətlənməsi, və bazar dəyərlərinin şəffaf şəkildə müəyyən olunması qiymətlərin formalaşmasında əsas rol oynayır.

G.İsmayılqızı vurğulayıb ki, 2025-2026-cı illərdə bələdiyyə torpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit və real qiymət mexanizmi formalaşacağı gözləniləndir".

"Regionlarda torpaq qiymətlərində artım müşahidə edilir və bunun da müəyyən səbəbləri var. Turizm potensiallı ərazilərdə qiymət artımı həmin ərazidə torpağa tələbin yüksək olması ilə bağlıdır. Lakin təkcə turizm bölgələrində deyil, respublikanın digər regionlarında da torpaq qiymətləri bahalaşıb”.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri bu ilin yanvar ayından "Torpaq məcəlləsi”nə edilən dəyişikliklərlə bağlıdır:

"Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeni qaydaların tətbiqi qiymət artımında əhəmiyyətli rol oynayır. Əvvəlki illərdən fərqli olaraq, bələdiyyə torpaqları yeni qaydalarla satışa çıxarılır. Qanunvericiliyin tələblərində də qeyd edilir ki, ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddi götürülməklə torpaq satışa çıxarılır. Bu, inzibati formada da qiymət artımına gətirib çıxarır".

R.Osmanlı torpaq satışında qiymət artımının hansı civarda dəyişdiyini də açıqlayıb:

"Turizm tipli elə ərazilərimiz var ki, ötən il torpaq sahəsinin qiyməti 2000-2500 manat idisə, indi 3500-4000 manatadək artıb. Sotu 300-500 manata olan ərazilərdə belə nisbi artımlar müşahidə edilir. Həmin ərazilərdə belə 100-150 manat hər sot üzrə artım qeydə alınıb”.

Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə də artıma səbəb olub.

Son xəbərlər