"Yazmışdılar ki, katibə işləmişəm, oradan vəzifəyə göndərilmişəm"- şantaj edilən direktor » Median.Az News Agency

"Yazmışdılar ki, katibə işləmişəm, oradan vəzifəyə göndərilmişəm"- şantaj edilən direktor
"Reket"çilikdə ittiham edilərək DTX tərəfindən həbs edilən şəxslərin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redatoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal 107" qəzetinin baş redaktoru Maarif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoeu Rüxasarə Əliyeva ifadə verib.

O qeyd edib ki, təqsirləndirilən şəxslərdən Hikmət Nəcəflini tanıdığını söyləyib.

Direktor həmin tanışılığı barədə belə danışıb: "Kollecə poçt vasitəsi ilə "Bizim dövr" qəzeti göndərilmişdi. Həmin qəzetə baxanda kollec barəsində, mənim barəmdə xoşagəlməz yazılar yazılmışdı. Guya mən katibə işləmişəm, oradan da birbaşa kollec direktoru kimi vəzifəyə göndərilmişəm. Mənim elmi dərəcəm var. Mən bundan çox əsəbləşdim. Qəzetin, Surxay Əliyevin nömrəsini tapıb zəng elədim. Əsəbi olduğum üçün onunla çox əsəbi şəkildə danışdım. Çünki cəmi 2 ay idi ki, direktor təyin edilmişdim. İstəməzdim ki, barəmdə belə neqativ yazılar yazılsın. Surxay Əliyev dedi ki, işçisini kollecə göndərəcək. Səhəri gün Hikmət Nəcəfli məktəbə gəldi. Mən düşündüm ki, gəlib kollecə baxacaq, mənim diplomuma nəzər yetirəcək, yazdıqları yazının yanlış olduğunu görəcəklər. Amma Hikmət gələndə yazını silmək üçün 600 manat istədi. Mən bununla razılaşmadım. 200 manat verdim. Bundan sonra onları nə görmüşəm, nə də barəmdə yazı yazılıb".

Məhkəmədə digər zərərçəkmiş Vasif Məmmədov da ifadə verib. O, Tovuzda yaşıllaşdırma idarəsinin rəisi olduğunu söyləyib.

V.Məmmədov qeyd edib ki, barəsində qəzetdə və saytda şantaj xarakterli yazılar yazıb. Onun sözlərinə görə, Hikmət Nəcəfli ondan 1000 manat tələb edib.

"Mən şikayət də etdim. Amma onlar məndən xahiş etdilər ki, şikayəti geri götürüm. Mən də götürdüm. Amma yazılar davam etdi. Surxayla da görüşdüm. Amma məndən pulu Hikmət istədi. Bir neçə qəzetdə bu yazılar çıxırdı. Surxayı mən rayona da dəvət elədim. Amma gəlmədilər. Dedilər ki, yazılar onlara göndərilir və dəqiqdir. Mən pul verməyə razılaşmadım".

Zərərçəkmiş hazırda şikayətçi olmadığını deyib.

Zərərçəkmiş Rasim Hüseynov da məhkəmədə ifadə verib. O, bir neçə dövlət qurumunda çalışdığını söyləyib.

O, barəsində qəzetdə yazı yazıldığını və 1500 manat istənildiyini deyib: "Pulu bankdan kredit götürüb verdim. Əlavə olaraq da bir neçə dəfə 150 manat vermişəm. Təxminən bir il yazmadılar. Sonra da başladılar yazmağa. Pul istədilər, amma vermədim. Çünki versəm də yazırdılar, verməsəm də. Sonra Sevinc adlı xanım yanıma gəldi. Dedi ki, onlara pul verməsəm əl çəkən deyillər. Bir şərtlə razılaşdım ki, daha yazmasınlar. Sevinc də yanımda Hikmətə zəng elədi. Söylədi ki, 1000 manat versəm, yazmayacaqlar. 500 manat göndərdim. Qalanını da göndərəcəyimi dedim".

Zərərçəkmiş şikayətinin olmadığını deyib.

İttihamda yazılır ki, S.Əliyev 47, H.Nəcəfli 46 epizodda ittiham edilir.

Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizdou üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat, G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib.

Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




473 13.03.18 13:04