Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.
Yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun rayonun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə dəyib. Daha sonra hər iki avtomobil zərbənin gücündən ərazidə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin dəmirdən hazırlanmış giriş qapılarına çırpılıb.
"VAZ 21013" markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər. Yaralılardan Z.Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.