"Riçard Hoqland münaqişənin həlli üzrə danışıqlardan artıq bir müddətdir ki, uzaqdır və aparılan son danışıqların detallarından xəbəri yoxdur".
Median.Az ONA-ya istinadən xəbər verir ki, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın "Amerikanın Səsi"nə müsahibəsinə münasibət bildirərkən deyib. XİN sözçüsü bildirib ki, müsahibəyə bu baxımdan yanaşmaq lazımdır: "Onun verdiyi şərhlər, böyük ehtimalla, bölgəyə, xüsusilə də Ermənistana sülh və tərəqqinin gətirilməsində maraqlı olmayanların şəxsi fikirlərinə əsaslanır. Çox təəssüf ki, bu insanlar müxtəlif səbəblərdən bölgəni xaos və qeyri-müəyyənliyə sürükləməyə çalışırlar. Qeyd etmək istərdik ki, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da qeyd edildiyi kimi, hər iki əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinə dair razılıq mövcuddur".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlardan çəkinməlidir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland deyib: "Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından sonra münaqişənin həllində müsbət irəliləyiş olacaq".
Onun fikrincə, ətraf rayonların qaytarılması münaqişə tərəflərini münaqişənin həllinə diqqətini daha da artıracaq: "Tərəflərdən biri bu ərazilərə nəzarət etməkdə davam edərkən, bu məsələ haqda son qərar qəbul etməlidir. Əgər bu məsələ həll olunarsa, bu, müsbət inkişafa yol açacaq".