Bu gün Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunmasından iki il ötür.
Mehriban Əliyevanın təyinatı ilə ölkəmizdə rəsmi şəkildə əsası qoyulan vitse-prezidentlik institutu Azərbaycana hansı töhfələri verib?
Oxu.Az iki illik tarixə qısa nəzər salıb:
Qeyd edək ki, bu təyinata kimi M.Əliyeva 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti, 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Eyni zamanda, o, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir.
Heydər Əliyev Fondunun prezidenti olaraq “Mehriban ana” adını qazanan birinci xanımın səlahiyyətlərinin artırılması ilə gördüyü işlərin miqyası genişlənib.
O, təyinatı haqqında danışarkən “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”, - deyə xüsusi vurğulamışdı.
Birinci vitse-prezident təyinatından bir neçə gün sonra Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıdakı ümumxalq yürüşündə iştirak etdi. M.Əliyevanın prezident İlham Əliyevlə birlikdə qatıldığı xalq yürüşünə 40 mindən çox insan çıxmışdı. Məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
Daha sonra birinci vitse-prezident “Rossiya 1” telekanalına müsahibəsində görəcəyi işlər barədə danışdı:
“Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub-saxlamaq lazımdır”.
Mərhəmət prinsipini əsas götürən birinci xanımın ilk müşavirəsi də Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olundu.
Birinci vitse-prezident müşavirədə bildirdi ki, əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri qarşıdakı iki il ərzində yeni mənzillərlə təmin etməkdir.
Beləliklə, Azərbaycanda qaçqın və məcburi köçkünlərin mənzillərlə təmin olunması istiqamətində yeni gücləndirilmiş işlərə start verildi.
Mehriban Əliyeva daha sonra 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərlə görüşdü. O, sözügedən hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin edilməsinə dair tapşırıq verdi.
Aprel ayının 24-də həmin əsgər və zabitlər protezlərlə təmin olundu.
May ayında Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsi bütün dünyanın diqqətini ölkəmizə yönəltməyi bacardı. Oyunlarda 54 ölkəni təmsil edən üç mindən çox idmançı, mindən çox komanda rəsmiləri iştirak edirdi. Yarış barədə dünyanın bir çox nüfuzlu media orqanı yazılar tirajladı, TV-lər reportajlar verdi.
Mehriban Əliyevanın ilk müşavirəsində məcburi qaçqın və köçkünlərlə bağlı vədinin ilk hissəsi 2017-ci ilin iyunun 27-də gerçəkləşdi. Köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillər verildi. Mehriban Əliyeva təqdimat mərasimində şəxsən iştirak etdi. Beləliklə, 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olundu.
Son iki ildə müxtəlif rayonlarda məcburi köçkün və qaçqın ailəsi mənzillərlə təmin olundu.
Birinci vitse-prezident onlarla şəxsin müalicəsini öz üzərinə götürüb, onlar arasında tanınmışlar da var.
Bu müddətdə M.Əliyeva ölkənin ictimai həyatı ilə yanaşı, siyasi və mədəni həyatında da mühüm rol oynayıb. O, mədəniyyət evlərinin açılışlarında iştirak edib, siyasi xadimlərlə mühüm məsələlərin müzakirəsinə qoşulub.
Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirilən Mehriban Əliyeva zaman-zaman ana, nənə kimi də gündəmə gəlib. Bəzən nəvələri ilə fotoları yayılan birinci xanımı hərdən mətbəxdə yemək bişirərkən də görmək mümkündür.
Üç uşaq anası olan Mehriban xanım uşaqlara diqqət və qayğısı ilə seçilir. O, kimsəsiz uşaqlar üçün tikilmiş məktəb və bağçalarda tez-tez olur. Onların yaşayış şəraiti ilə maraqlanır.
Körpələr üçün ənənəvi olaraq bayram şənlikləri keçirilir, M.Əliyeva həmin şənliklərdə şəxsən iştirak edir.
Son zamanlarda isə rayonlarda yerli əhali ilə birbaşa görüşlərə qatılan birinci vitse-prezident Mehriban Əliyeva onların problemini birbaşa dinləyir, həlli üçün yerindəcə müvafiq tapşırıqlar veriləcəyini qeyd edir.
Qeyd edək ki, Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi bitirib. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.
Birinci vitse-prezidentin iki illik fəaliyyəti dövründə gördüyü işlərdən bəzilərini fotolarla təqdim edirik: