Yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi.
Median.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir:
"Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtləndirir. Lakin bu da məsələnin hamısı deyil. Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etməyə nail olub. Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz baxımından, həm də ölkəmizin bu şərtlər içərisində nailiyyətləri necə əldə etməsi baxımından olduqca qiymətlidir".
Millət vəkilinin sözlərinə görə, heç şübhəsiz ki, belə ağır şərtlər içərisində inkişafımızı və siyasi maraqlarımızı təmin etmək üçün olduqca ciddi iqtisadi konsepsiyaya və xarici siyasətdə dərin siyasi strategiyaya malik olmaq lazımdır:
"Qısaca deməyə çalışsaq, Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm nailiyyətlər əldə edə bilib. Bu kontekstdə Prezident İlham Əliyev ilk növbədə regionların inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarına toxunaraq, növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki bu, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin olunması və iqtiadiyyatın coğrafi diferensiallaşdırılması baxımından olduqca vacib komponentdir. Regionlarımızda ötən illər ərzində həyata keçirilən yol-nəqliyyat və digər kommunikasiya layihələrinin də rayonlarımızda münbit sərmayə mühiti yaratması yatırımçıların diqqətini cəlb edib. Ona görə də qeyri-neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar sənaye və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponent kimi çıxış edir".