Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.
Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.
Ali Baş Komandanın Orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.
Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Z.Həsənov bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb.