Oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günüdür.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Naxçıvan müqaviləsi IX Türkdilli ölkələrin Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanıb.
Sonradan adı Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi daha da möhkəmlənib.
Qeyd edək ki, ötən 15 il ərzində TDT-nin təşkilatlanması istiqamətində mühüm addımlar atılıb. Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ümumi Ticarət və Sənaye Palatası vasitəsilə üzv ölkələr arasındakı əlaqələr daha da genişlənib.