Ermənistanda əhalinin yalnız 0,7 faizi İrəvanın qonşu Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsini istəyir. Bunu “Gallup”ın Ermənistan ofisi tərəfindən aparılan son sosioloji sorğunun məlumatları sübut edir. Və maraqlıdır ki, Qərb politoloqu Anna Ohanyan, Karneqi Mərkəzinin saytındakı məqaləsində “avtoritar” ölkələr adlandırılan Türkiyə, İran, Azərbaycan və Rusiyaya qarşı çıxmaq üçün Gürcüstan və Ermənistanın demokratik qüvvələrini birləşməyə çağırır.
Gürcüstanlı politoloq, Avrasiya İnstitutunun rəhbəri Gulbaat Rtsxiladze Caliber.Az-a verdiyi müsahibəsində bunun Qərbin tez-tez gündəmə gətirməyə sevdiyi köhnə mövzu olduğunu qeyd edib.
“Bu, amerikalı demokratların, prezident Co Bayden administrasiyasının yeni-köhnə siyasəti ruhundakı demaqogiyadır. Və bu terminlərlə danışsaq, doğrudanmı Gürcüstanda demokratiya var? Mən Ermənistan haqqında danışmayacağam. Bununla belə, “avtoritarizmə” qarşı “yalançı demokratlar” koalisiyası olmayacaq”, - deyə o, bildirib.
“Bu cür məqalələrin gürcülər və ermənilər üçün isti-soyuğu yoxdur. Ancaq vəziyyətin süni şəkildə gərginləşdirilməsinə gətirir. Tbilisi ilə Moskva arasında müəyyən bir qarşıdurma var, bunu Gürcüstan üçün faydalı hesab etmirəm. Ancaq Tbilisi qonşumuz Azərbaycana qarşı, Türkiyəyə qarşı addım atmayacaq”, - deyə politoloq əlavə edib.
Gülbaat Rtsxiladzenin sözlərinə görə, Gürcüstan əlbəttə ki, bütün məsələlərdə öz maraqlarını müdafiə etməlidir.
“Söhbət, məsələn, David Gareji monastır kompleksindən gedə bilər. Azərbaycanda bunun fərqində olmaya bilərlər, amma Gürcüstanda bu mövzu geniş müzakirə olunur. Ancaq bu, hər iki xalqın xoşməramlılığı ilə həll edilə bilən bir məsələdir. Kimsə Tbilisinin Bakıya qarşı gedəcəyini gözləsə də, bu olmayacaq”.