Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib.
“Səfir Cahit Bağçı aprelin 19-da Bakıya gəlib və diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib. Səfir kollektivə təqdim olunduqdan sonra səlahiyyətlərinin icrasına başlayıb”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvü olub.
Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub.
Evlidir, 3 övladı var.