"Xalqımız Dağlıq Qarabağ ətrafında baş verən 32-33 illik hadisələrdə o qədər problemlər görüb ki, bu gün baş verənlərə ehtiyatla yanaşır”.
Median.Az xəbər verir ki, bu barədə danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O, daha sonra bunları vurğulayıb: "Amma hesab edirəm ki, vəziyyət əvvəlki dövrlərdən xeyli fərqlidir. Bu gün Rusiya ilə yanaşı Türkiyə qoşunları da regiondadır. Çünki Türkiyənin regionda Rusiyaya qarşı dayana biləcək gücü və beynəlxalq nüfuzu var. Rusiya artıq regionda dominantlıq edə bilmir.
Çünki Azərbaycan işğaldan azad etdiyi torpaqları 1988-ci ildən də yüksək vəziyyətə çatdırıb. Çünki 1988-ci ildə ortada status məsələsi də var idi. O cümlədən Xocavəndin bir hissəsində və Hadrut qəsəbəsində ermənilər yaşayırdılar. Artıq bu qisimdə də ermənilər yaşamır və bizim nəzarətimizdədir. Həm ərazi, həm də strateji baxımdan bizim bir sıra üstünlüyümüz var. Üstünlüyümüzü Azərbaycanın tam qələbəsinə çevirmək mümkün olacaq. Hər şey bizim özümüzdən asılıdır. Rusiyanın olmasını heç kim istəmir. Amma siyasi reallıq onu diqtə etdi ki, Rusiya da Azərbaycana tərəf kimi gəlməli oldu. Rusiya Cənubi Qafqazda mövqeyini elə-belə güzəştə getmək istəmir. Könül istərdi ki, etnik separatizm sahəsində fəaliyyət göstərən qüvvələr olmasın. Amma bu olmadı deyə məyusluğa qapılmaq və gələcək faciəyə hazırlıq kimi qiymətləndirmək düzgün deyil. Gələcəyin necə olacağını biz təyin edəcəyik. Əgər işğaldan azad etdiyimiz ərazilərdə insanlarımızın yerləşdirilməsi, həyat şəraiti, kommunikasiya imkanları, hərbi bazaların yerləşdirilməsi və diplomatiyanın düzgün qurulması kimi məsələlər üst-üstə düşəcəksə, gələcəkdə heç kimsə bizim qarşımızda dayana bilməyəcək”. /Konkret.az