Məşhur pop ulduz Teylor Svift çətin vəziyyətdə olan tələbə qıza yardım edib.
Median.Az xəbər verir ki, Aişə adlı qız sosial şəbəkədə çətin həyat şəraitindən gileylənib.
O, kollecdə təhsil aldığını və növbəti semestr üçün ödəniş etməyə imkanı olmadığını vurğulayıb. Valideynlərinin aldığı maaşın yaşayış minimumuna bərabər olduğunu, üstəlik, anasının xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyini qeyd edib.
Ümumiyyətlə, Aişə ailə büdcəsinin təhsil və digər xərcləri qarşılamaq baxımından kifayət etmədiyini bildirib.
Qızın yazdığı statusdan təsirlənən yaxın dostları ona mənəvi dəstək veriblər.
Aişənin düşdüyü bu duruma dünya şöhrətli pop ifaçısı Teylor Svift də biganə qalmayıb.
Qızın “Instagram”da yazdığı kədərli status sənətçinin diqqətini çəkib. Ona yardım etmək üçün müğənni Aişəyə təxminən dörd min ABŞ dolları göndərib - bu, qızın təhsil haqqının ödənişinə kifayət edir.
“Ailəmin təhsil haqqını ödəməsinin nə qədər çətin olduğunu yazdım. İki saat sonra belə bir məktub aldım. Sözüm yoxdur, sevincdən göz yaşlarımı saxlaya bilmirəm”, - Aişənin növbəti statusu belə olub.
T.Svift isə qızın bu statusuna belə şərh yazıb:
“Təhsilə davam et, qız. Mən səni sevirəm. Teylor”.
Qeyd edək ki, bu, pop ulduzun pərəstişkarlarına ilk maddi yardımı deyil. Belə ki, 2015-ci ildə Teylor daha bir fanatının iki min dollar məbləğində tələbə kreditini bağlamağına kömək edib.//oxu.az