Hamiləlikdən sonra artıq çəkiləri ilə gündəmə gələn rəqqasə-aktrisa Oksana Rəsulova Publika.az-a verdiyi müsahibədə analıq vəzifələri və həyat yoldaşı ilə münasibətləri haqqında gizli məqamları açıqlayıb.
Median.Az həmin müsahibəni təqdim edir:
- Hamilə olduğum müddətdə həm körpəyə qulluq, həm də hamiləliklə bağlı çoxlu məqalələr oxuyurdum. Köklük əksəriyyət xanımda özünəgüvənsizlik hissi yaradır. Doğuşdan sonra yaranan depressiya qadını hətta intihara da sürükləyə bilər. Özünə qəsd etmək dərəcəsinə çatan xanımlar var.
Mən depressiyaya düşməmişdim, özümdən arxayın idim, 35 yaşıma qədər arıq olmuşam. Hamilə vaxtı ağzım bağlanmırdı, çox yeyirdim. Bilirdim ki, kökələcəm, nə qədər kökələcəyim məni narahat etmirdi. Özüm çox yesəm də, hamilə qadınlara qidalanmasına diqqət etməyi məsləhət görürəm, pəhriz saxlamaq lazımdır. Hər halda məqsədyönlü insanam, əmin idim ki, artıq çəkilərdən xilas ola biləcəyəm. Əvvəlki çəkimə çatmaq üçün 3 kq qalıb. O da çox gözə çarpmır.
- Oğlunuz körpə olmasına baxmayaraq, işlərinizi uğurla davam etdirirsiniz. Sizi tez-tez tədbirlərdə və efirlərdə görürük.
- Oğlum doğulandan bəri vaxtımın 90 faizini ona həsr edirəm. Qalan 10 faizində işlərimi həll edirəm, dəvət edilən tədbirlərə özümü çatdırsam da, çox qalmıram.
- Həyat yoldaşınızın kimliyini gizli saxlamağın səbəbi nədir?
- Əslində gizlətmirəm, yaxın ətrafım bilir və onu tanıyır. Onsuz da indiyə qədər birinci və ikinci həyat yoldaşımın kim olduğunu hamı bilirdi. O da heç kimə sirr deyil ki, onların heç biri ilə xoşbəxt həyat yaşamamışam. Nə onlar, nə də onlarla çəkdirdiyimiz şəkillər mənə səadət gətirib. Odur ki, ailəmin gizli qalmasına qərar verdim, bu, həm övladım, həm də həyat yoldaşım üçün daha yaxşıdır. Yeri gələndə görəcəklər də, biləcəklər də, hələ ki belə qalsın.
- İndi özünüzü xoşbəxt sayırsınızmı?
- Çox xoşbəxtəm, hər bir qadına bu xoşbəxtliyi yaşamağı arzu edirəm. İnsanlar elə bilir ki, Oksanın başından var-dövlət tökülür. Təki olsun, niyə də yox? Amma söhbət bundan getmir. Yetərincə pul qazansam da, düşündükləri qədər zəngin deyiləm.
- Nə zamansa özünüzü quyunun dibində hiss etmisinizmi və bu problemi necə aşmısınız?
- Elə vaxtlarım olub ki, maliyyə ilə bağlı ciddi sıxıntılar keçirmişəm. Ciddi maliyyə ziyanına düşmüşdüm. Nəinki quyunun dibinə, sanki okeanın dərinliyinə batmışdım. 15 gün evdən çıxmadım, böyük bir maliyyə itirmişdim, pulsuz qalmışdım.
- Yardım əlini uzadıb sizi o dərinlikdən çıxaran insan oldu?
- Ən böyük dayağım ailəmdir. Valideynlərinizlə aranızda nə baş verməsindən asılı olmayaraq, onlardan bərk-bərk yapışın! Elə tanışlarım var idi ki, kömək istədim deyə məndən üz döndərdi. Məhz şou-biznes nümayəndələri idi.
- İndi onlarla üz-üzə gələndə necə reaksiya verirsiniz?
- Münasibətim normaldır, onları qınamıram. Dar günümdə onlar mənə kömək olmasa da, indiki vəziyyətim onlardan qat-qat yaxşıdır.
- Bəs Oksana Rəsulova ailəsi üçün layiqli övlad ola bilibmi?
- Məşhur sima olmağıma baxmayaraq, onların mənə ehtiyacı yoxdur. Sözsüz ki, bu, o demək deyil ki, onlara dəstək olmuram. Əlavə yardım etmişəm, valideynlərimi xarici səfərlərə aparmaq istəmişəm, özləri razı olmayıb.Yenə də düşünürəm ki, yaxşı övlad deyiləm. Çünki vaxtında səhv addımlarımla onları çox incitmişəm. Son illərdə ailəmə daha çox bağlanmışam, amma keçmiş xətalarım yadıma düşəndə sarsıntı keçirirəm. Gərək o qüsurlara yol verməzdim.
- Həyat yoldaşınız rollarınıza müdaxilə edir?
- Heç bir halda müdaxilə etməyib, işimə hörmət edir. Məni tanıyır və güvənir.
- Aktrisa kimi yaratdığınız obrazları bəyənir?
- Bəyənir, niyə bəyənməsin? Ümumiyyətlə, o, məni hərtərəfli bəyənir. Həyat yoldaşımla ilk növbədə dostuq. Aramızda sevgi var, onun sevgisi daha güclüdür. Özünə də demişəm ki, ona qarşı duyduğum hisslər sevgi deyil. Bunu sevgi adlandırmazdım, çox böyük hörmət hissidir.
- Bəs bu sözləriniz onun xətrinə dəymir? Axı kişilər üçün də sevildiyini hiss etmək önəmlidir.
- Həqiqətən də incimir, bir-birimizin xətrini hədsiz dərəcədə çox istəyirik.
- Belə münasibətlərdə kişinin sevgisini qoruyub saxlamağın hansısa üsulu varmı?
- Əsas odur ki, qadın baxımlı olsun, ərinə hər zaman diqqət göstərsin və deyingən olmasın. Qadınlarda ən xoşagəlməz xüsusiyyət deyingənlikdir. Qadın "dır-dır" ilə kişini özündən uzaqlaşdırır. Nəinki kişilər, heç kəs belə adamla ünsiyyət qurmaq istəməz. Ərim deyingən olsa, mən də ondan qaçaram.