Xəbər verdiyimiz kimi, müğənnilər sosial media vasitəsilə Milli Televiziya və Radio Şurasına müraciət edərək, milli-mənəvi dəyərlərə ziyan verən verilişlərlə bağlı müvafiq ölçülərin götürülməsini istəyiblər.
Məsələ ilə bağlı oxu.az-a danışan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, MTRŞ şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmir.
“Müğənnilərin müraciətini görməmişəm və oxumamışam. Bizə belə müraciət çatmayıb. Şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmirik. Rəsmi şəkildə olsa, baxarıq”, - deyə Dadaşov bildirib.
Qeyd edək ki, Əməkdar artist Lalə Məmmədova, müğənnilər Nura Suri, Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev sosial şəbəkədə aşağıdakı fikirləri paylaşmışdılar:
“Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”.