Ağciyərində onkoloji şiş tapılan “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovu ziyarətə gedənlərin onunla birgə şəkil çəkdirib sosial şəbəkədə yayması tənqid olunub.
Ən çox qınaq obyektinə çevirilən hadisə isə onun atının xəstəxanaya gətirilməsi olub.
Bununla bağlı Hacı Nuran sosial şəbəkədə paylaşım edib. O, bütün iradlara cavab verib:
“Həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim.
Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir. Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə “sağ olun” deyirəm, haqqınızı halal edin.
Kim məni sevindirmək üçün nə etdisə, çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin – arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm.
Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin. Axı, kim bilir, sabah nə olacaq? Dostlarımın diqqəti, zarafatları, sürpizləri və xəstəliyimə “don” geyindirənlərə demək istərdim:
Ömrünüzdə necə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz? Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdır”.