Milli Televiziya və Radio Şurası (MTRŞ) Elçin Əlibəylinin aparıcılıq etdiyi "Space" televiziyasının "El bizim, sirr bizim" verilişində baş verənlərə münasibət bildirib.
Median.Az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, həmin veriliş Şuranın monitorinq nəzarətinə götürülüb.
T.Dadaşov qeyd edib ki, verilişdə baş verənlər və aparıcının davranışları təhlil olunub: "Məsələ ilə əlaqədar müvafiq arayış tərtib edilərək rəhbərliyə təqdim olunub.
Verilişdə aparıcının Maral Tahirqızı adlı şəxsi təhqir etməsi məsələsinə gəlincə, hesab edirəm ki, buna həmin şəxs özü fərdi qaydada münasibət bildirə bilər ki, baş verənləri özünə təhqir hesab edir, ya yox. Bununla belə, sağlam efir mühiti baxımından aparıcıların efirdə hansı məqsədlə olur-olsun insanlarla kobud, efir etikasına zidd şəkildə ittiham etməsi, özünü hakim kimi aparması yolverilməzdir. Əgər verilişə çağırılan şəxs müzakirə olunan mövzuya uyğun səviyyədə deyilsə, onu ora çağırmaq yalnız şou yaradaraq reytinq qazanılmasına xidmət edə bilər. Çox təəssüf ki, bir çox verilişlərdə bizim təcrübəli hesab etdiyimiz illərin aparıcıları müzakirə verilişlərində özlərini tərəf kimi aparırlar. Bu, olmamalıdır. Digər tərəfdən, sağlam müzakirə istisna olmaqla ələ salmaq və ya digər məqsədlər üçün iştirakçıların bir-birinə qarşı qoyulması da qəbuledilməzdir. Çox təəssüf ki, bu cür hallar son vaxtlar tez-tez rastlaşılır.
Tövsiyə edərdim ki, aparıcılar xarici həmkarlarının praktikası, bu sahədə yazılan ədəbiyyatlarla yanaşı, teleradio yayımı haqqında milli qanunvericiliklə də yaxından tanış olsunlar".
Qeyd edək ki, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.