Əməkdar artist Röya Ayxanın Bakı Konqres Mərkəzində konserti baş tutub
Median.az -ın məlumatına görə müğənni konserti bu gün dünyasını dəyişən xalq artisti Fuad Poladova həsr etdiyini bildirib.
Təxminən 90 dəqiqə davam edən konsertdə Röya bu dəfə səhnəyə rəqqaslarla yox, tək çıxıb. Sevilən mahnılarını canlı səsləndirən sənətçi gecəyə öz imzasını böyük həriflərlə atıb. Bakı Konqres Mərkəzində ilk dəfə keçirilən konsert proqramını 3500 nəfər izləyib. Röyanı Rəşad Haşımovun başçılıq etdiyi 21 nəfərlik musiqi heyəti müşayiət edib. Gecə boyu müğənni səmimi söhbətləri və zarafatları ilə izləyicilərinə daha da xoş anlar yaşadıb.Konsertin daha bir maraqlı məqamı isə sənətçinin oğlu Hüseyinin onunla birlikdə səhnə alması və anasına dəstək olması olub.Gecənin son mahnısı isə Röya və Miri Yusifin - “Səndən birdənədir” adlı mahnısı olub.
Əməkdar artist konsertdən sonra mətbuat nümayəndələri ilə görüşüb.
“Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam. Yanımda olduğunuz üçün sevindim. Çünki bir müddət öncə konsertlə bağlı aramızda anlaşılmazlıq oldu.
Mən də bir az tərs adamam. Əyilməyi sevmirəm. Düzgünlük tərəfdarıyam. Siz yanımda olanda özümü daha güclü hiss edirəm”, – deyə ifaçı vurğulayıb.
Müğənni bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçirəcək:
“Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması verilməlidir”.
Nicat Yunisbəyli