Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir.
Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
“Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir.
İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir.
Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - deyə polkovnik V.Dərgahlı qeyd edib.
Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan “Mediamaks” nəşrinə müsahibəsində hücum bölmələrinin artırılması ilə bağlı informasiyanı şərh edərkən deyib ki, erməni “hücumçuları” Azərbaycan ordusunun ərazisində xaos yarada bilər.
“Təxribat halında düşmənlə onun ərazisində üz-üzə gələcəyik. Düşməni əhliləşdirəcəyik ki, növbəti dəfə belə fəaliyyətə getməsin. Söhbət standart addımlardan getmir, lazım gəlsə, bizim hücum qruplarımız düşmənin ərazisində xaos yarada bilərlər”, - Tonoyan bildirib.