2018-ci ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları yüksək nəticələr əldə ediblər.
Median.Az Azərtac-a istinadən xəbər verir ki, yarışın ümumi nəticələrinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun tankçıları xüsusi peşəkarlıq göstərərək I yerdə qərarlaşıblar.
Tank heyətində tank komandiri, gizir Nicat Mehdiyev, tuşlayıcı-operator, gizir Ceyhun Şıxzadayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı olublar.
Yarışlar çərçivəsində keçirilmiş praktik atışların nəticələrinə görə də tank komandirləri – gizir Əlikərəm Bədəlov və gizir Nicat Mehdiyev I yerə layiq görülüblər.
Yüksək nəticələr əldə etmiş tankçılar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun tankçıları 2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Alabino təlim mərkəzində təşkil olunan Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində də iştirak ediblər.
Müsabiqədə yüksək peşəkarlıq göstərən tankçılar – gizir Əlikərəm Bədəlov yarışa cəlb olunan şəxsi heyət arasında ən yaxşı tank komandiri, gizir Ceyhun Şıxzadayev ən yaxşı tuşlayıcı-operator seçilib, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı da uğurlu nəticə göstərib.