İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində daha bir hadisə baş verib.
Median.Az-in ordu.az-a istinadən verdiyi məlumata görə, fevralın 20-də gecə vaxtı Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində 19 yaşlı Davit Kamalyan odlu silah yarası alıb. Əldə edilən məlumatlara görə, ona digər əsgər yoldaşlarından biri atəş açıb.
İlkin məlumatlara görə, əsgər yoldaşı ondan gecə parolu soruşub, cavab verilmədikdə Davit Kamalyan istiqamətinə atəş açılıb. Davit Kamalyan döş qəfəsindən güllə yarası alıb. Hazırda yaralı Xankəndi hospitalındadır, vəziyyəti ağır olduğuna görə onu İrəvana təxliyyə etmək mümkün deyil.
Məlumatları, yaralı əsgərin anası Şuşik təsdiq edib. Onun sözlərinə görə, hazırda oğlu süni nəfəs aparatına qoşulub. Onu İrəvana təxliyyə etmək üçün tədbirlər görülür və hələ də ağciyərini dəlib keçən, bel nahiyyəsində olan güllə bədənindən çıxarılmayıb.
Onu güllələyən hərbi qulluqçu isə 6 ayın çavuşudur. Onun məlumatına görə, gecə 12 radələrində ayaqyolundan qayıdarkən parolu bilmədiyi üçün atəş açılıb. 14 güllə atsa da Davit Kamalyana bir güllə dəyib. 19 yaşlı yaralı hərbi qulluqçunun xidmət müddətini başa çatmasına 4 ay qalıbmış. Hazırda cinayət işi açılıb və araşdırma aparılır.
Xatırladaq ki, bu Ermənistanın yaralı və ölənlər barədə məlumatları gizlətdiyi ilk hal deyil. Məsələn fevralın 12-də İcevan hərbi hissəsinin əsgəri Stepan Stepanyanın ölümü barədə də rəsmi məlumat verilməyib.