“Azərbaycan ordusunun ön xətdəki hərbi qulluqçularına broşurlar paylanıb. Bu broşurlar Beynəlxalq Qırmızı Xaç cəmiyyəti tərəfindən hazırlanıb və dərs vəsaiti olaraq tədris olunur”.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, döyüş bölgəsindəki əsgərlərin davranış qaydalarını özündən əks etdirən broşurlarda müxtəlif müddəalar yer alıb:
“Broşulardan biri iki hissədən ibarətdir. İlk hissədə zərərçəkmişlərə hansı qaydalarla ilkin tibbi yardım göstərilməli olduğu şəkillərlə izah olunub. Digər hissədə isə döyüşçülərin əməliyyat zamanı davranış qaydaları yer alıb. Bütün legitim qaydalar, kimlərin hədəfə alınması, kimlərin alınmaması orada göstərilib.
Digər kitabçada isə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü altı müddəa yer alıb.
Beynəlxalq hüquq normalarında qeyd edilən prinsiplər ümumiyyətlə bizim ordumuz və xalqımız üçün yad davranışlar deyil. Xalqımızın milli mentalitetində, milli dəyərlərində bunlar öz əksini tapıb”.