Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirilib və bu gün binadakı mənzillər vətəndaşlara təqdim olunub. Bu mənzillər Şirvan şəhəri, Salyan və Hacıqabul rayonlarından olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.
Baku TV xəbər verir ki, bu gün keçrilən tədbirdə daha 17 mənzil Hacıqabul rayonundan olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
“Üç il olardı ev növbəsindəydim. Bu il verdilər. Allah köməkləri olsun. Sağ olsunlar. Çağırdılar, dedilər, ev növbəniz çatır. Əvvəlki vəziyyətim pis idi, evim uçuq idi. Çəkib Bakıda göstərdilər, sonra ev verdilər,” - deyə şəhid anası Qızbəs Şahbazova bildirib.
Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı bir otaqlı, 44-ü iki otaqlı, qalanları üç otaqlıdır.