Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.
Median.Az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
AQTA təzə balıq seçərkən nələrə diqqət yetirməklə bağlı da təlimatlar verib.
• Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur.
• Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır.
• Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur.
• Təzə balığın qanı açıq-qırmızı rəngdə və iysiz, köhnə balığınkı isə qaraya çalan rəngdə və pis qoxulu olur.
• Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük və göz bəbəyi mat olur.
• Təzə balığın qəlsəməsi tünd-qırmızıya, köhnə balığınkı isə boz rəngə çalır. Təzə balığın əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.
• Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, onun pulları əlinizə gəlir, lakin tökülmürsə, deməli, balıq təzədir.
• Təzə balıqda qəlsəmələrin üzərindəki selik qatı şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik qatı şəffaflığını itirərək ağ, sarı, boz və sair rənglərə çevrilə bilər.
• Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.
• Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün onların soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Balıqlar dondurucuda saxlanılmalıdır.