Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.
* * * * *
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçiriləcək.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaqlar.
Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək.
Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.