Aprelin 20-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Ramazan ayının gəlişi münasibətilə bir-birilərini təbrik edib və ən xoş arzularını xalqlarımıza çatdırmağı xahiş ediblər.
Dövlət başçıları ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkələrimizdə həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, pandemiya dövründə ölkələrimiz arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, eləcə də yükdaşımaları, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.