“Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bildirib ki, bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir.
“İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”, - deyə Prezident bildirib.