Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri
Azərbaycan Respublikasının Maliyyə naziri
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi.
Komissiya su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni, eləcə də verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etməlidir.
Komissiya görülən işlər barədə hər altı aydan bir Prezidentə məlumat təqdim etməlidir.