"Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi - sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik".
Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür. İdarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin:
"Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə, biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq".