İlham Əliyev tanınmış alimin vəfatı ilə bağlı nekroloq imzalayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

İlham Əliyev tanınmış alimin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev tanınmış alim Arif İsmayılzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, başsağlığı mətnində deyilir:

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Geologiya sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru Arif İsmayılzadə 2020-ci il aprelin 9-da ömrünün 83-cü ilində vəfat etmişdir.

Arif Cəfər oğlu İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində mühəndis-geoloq ixtisası üzrə ali təhsil almış, 1962–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda laborant kimi başlayan Arif İsmayılzadə 1965–1978-ci illərdə İnstitutun petrologiya laboratoriyasında kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının “Geofizika” Elmi Mərkəzinin petromaqnetizm laboratoriyasının, 1982–1998-ci illərdə Akademiyanın Geologiya İnstitutunun dərinlik maqmatik prosesləri laboratoriyasının, 1998-ci ildən Geologiya və Geofizika İnstitutunun petrologiya və metallogeniya seksiyasının rəhbəri vəzifələrində işləmiş, 2007–2013-cü illərdə isə Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi olub.

Arif İsmayılzadə 1968-ci ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik və 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Arif İsmayılzadə respublikada geologiya elminin inkişafına dəyərli töhfələr vermiş alimlərdəndir. Onun aktual geoloji problemləri əhatə edən, metallogeniya və petrologiya elmləri üzrə tədqiqatlarında yerin dərinliklərində baş verən proseslərin modelləşdirilməsi və filiz-maqmatik sistemlərin formalaşma qanunauyğunluğunun öyrənilməsi aparıcı yer tutur. Bu tədqiqatlar Kiçik Qafqazın inkişafının müxtəlif mərhələlərində Yer qabığı və mantiyanın qarşılıqlı təsirinin spesifikasını müəyyənləşdirməyə və metamorfik dəyişmə ardıcıllığını üzə çıxarmağa imkan vermişdir. Arif İsmayılzadə elmi fəaliyyətində regionun geodinamikasının tədqiqinə, filiz və neftəmələgəlmə proseslərinin vəhdəti məsələlərinə də xüsusi diqqət yetirmişdir.

Arif İsmayılzadənin uzunmüddətli araşdırmalarının nəticələri 170-dən artıq elmi məqalədə, məruzə və monoqrafiyalarda dolğun əksini tapmışdır. Səkkizcildlik fundamental “Azərbaycan geologiyası” əsərinin maqmatizm, tektonika və faydalı qazıntılara dair cildləri alimin sanballı tədqiqatları sırasında mühüm əhəmiyyətə malikdir. Arif İsmayılzadə Azərbaycan elmini dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və konqreslərdəki çıxışları ilə layiqincə təmsil etmişdir. Bakı Dövlət Universitetinin geologiya fakültəsinin faydalı qazıntılar kafedrasında ixtisas fənlərini tədris etmiş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əməyi vardır.

Akademik Arif İsmayılzadənin Azərbaycan elminin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Alim respublikanın Əməkdar geoloqu və Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış tədqiqatçı alim, səmimi insan Arif Cəfər oğlu İsmayılzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Xoşbəxt Yusifzadə

İbrahim Quliyev

Akif Əlizadə

Vasif Babazadə

Fəxrəddin Qədirovскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 163 10.04.20 18:42