"Doğrudan da bu seçkilər çox önəmli idi: Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, indi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır: "Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi - bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var".