Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tarix Mehdiyev, Vadim Kazımov və Məhəmməd Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əliövsət Abbasovun icraaatında araşdırılacaq.
Qeyd edək ki, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.
Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika, qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasitələr aldığını bildirib.
İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaraq ona verdiyi əşyalar aşkar edilərək götürülüb.
E.Məmmədovun yaşadığı evdə, həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxslərə elə orada qəbul etmək üçün şərait yaradıb. E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər - paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.
Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.
İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək, hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.