Kürdəmir rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, Kürdəmir rayonu, Muradxanlı kəndi ərazisində Qafur Dünyamalıyevə məxsus "Arazbəyli" adlanan qış otlaq sahəsindəki fermada azyaşlıya işgəncə verib.
Abdulla Abdullayev həmin otlaq sahəsində faktiki ər-arvad münasibətində yaşadığı Sevanə Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubova 2018-ci il iyunun təxminən 28-29-da həmin fermanın ərazisində kibritlə ot tayasını yandırmaq istədiyinə görə sinəsinə şillə və yumruqla bir neçə zərbə vurub.
Murad müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, həmin il iyulun təxminən 6 və 7-də Murad Yaqubov həmin fermadakı tövlənin qapısını açıb və mal-qara ətrafa qaçıb. Bu səbəbdən Abdulla Abdullayev Murad Yaqubovun qulaqlarından tutaraq, onu yuxarıya qaldırıb, sonra onu şillə və yumruqla döyməyə başlayıb.
Daha sonra ögey ata iyulun 9-u və 10-da Muradın yeməyini tam yemədiyi üçün, iyulun 12-də isə keçiləri örüşdən gətirərkən asta yeriməsi üstündə döyərək, ona bədən xəsarətləri yetirib.
İyulun 14-də isə Abdulla Abdullayev azyaşlının evdə dəcəllik etdiyi üçün anasının gözləri qarşısında amansızcasına döyüb. Bu səbəbdən azyaşlı aldığı xəsarətdən iyulun 21-də fermada dünyasını dəyişib. Bu hadisədən sonra hüquq-mühafizə orqanları araşdırma aparıb və Abdulla Abdullayevi azyaşlı oğlanın ölümündə günahkar bilib. O, həbs edilib.
Abdulla Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Musayevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Abdulla Abdullayevin törətdiyi əməl tam sübuta yetirilib və ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Hökmdən narazı qalan Abdulla Abdullayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, Murad Yaqubovun ölümündə heç bir günahı yoxdur:
"Hətta məhkəmə-tibbi ekspertizanın rəyində də göstərilib ki, uşağın ölümünə səbəb mən olmamışam. Özünü yaxşı aparmadığına görə uşağın bir neçə dəfə yumşaq yerinə vurmuşam, döymüşəm. Azyaşlı Muradın ölümündən sonra anası məndən hamilə olduğundan aramızda razılaşdıq ki, uşağın ölümünü üzərimə götürüm. Hətta dedi ki, uşağı basdıraq heç kəs bilməsin. Amma mən razı olmadım".
Abdulla Abdullayev azyaşlının ölümündə anasını günahkar bilib və özünü isə uşağı döyməkdə günahlandırıb.
Abdulla Abdullayev hökmlə qismən razılaşıb və barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Abdulla Abdullayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, şikayət təmin edilməyib.