Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazaxda kollec tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm Qocayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Median.Az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, ötən il Qazaxın Çaylı kəndində 1999-cu il təvəllüdlü Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı M.Qocayev tərəfindən qətlə yetirilib.
Məlum olub ki, Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva 25-30 manat borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub.
Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.