Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib.
Belə ki, futbol üzrə qeyri-rəsmi məşqçi işləyən Cəlilabad rayon sakini Elsəvər Məlikovun cari ilin may-iyul aylarında Sabunçu rayonu ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə iyulun 16-da rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
E.Məlikov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.