Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarov oğurlanıb.
Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, adam oğurluğu hadisəsi borc məsələsi üstündə olub. Belə ki, Y.Bəxtiyarovu borclu olduğu şəxslər oğurlayıblar. Onun həmin şəxslərə 10 min manat məbləğində borcu olub.
Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını deyib. Üç silahlı şəxs onu avtomobilə oturdaraq naməlum istiqamətə aparıb. Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın cinayətkarlara yalnız 8000 manat verə bilib.
Hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşları Y.Bəxtiyarovun azad edilməsi və onu oğurlayan şəxslərin aşkar edilməsi üçün iş aparır. Artıq şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib. Əməliyyatın cümə günü axşam saatlarına başa çatacağı ehtimal olunur.