Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror R.Hüseynovun 18 il, digər təqsirləndirilən şəxslərin isə hər birinin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 4-də davam edəcək.
İttihama görə, ötən il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobilin sükanı arxasında bir nəfərin çoxsaylı bıçaq xəsarətləri ilə öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin "Mercedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.
DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub.
Məlum olub ki, qətl iştirakçıları taksi sürücüsünün cibindən 19 manat götürüb.